Ermənilərin Türkiyədəki 4000 nəfərlik tədbirinin təfərrüatları – EKSKLÜZİV

30 Oktyabr 2012 07:21 (UTC+04:00)


Türkiyə ilə Ermənistan arasında dostluq münasibətlərinə həsr olunan tədbir keçirilib. AzNews.az-ın əldə etdiyi məlumata görə, bu il sentyabrın 9-da Türkiyənin Van bölgəsinin Ağdamar adasında yerləşən eyniadlı kilsədə erməni patriarxı Aram Ateşyan və ABŞ-da fəaliyyət göstərən erməni Qriqoryan kilsəsinin baş yepiskopu Hajak Barsamiyanın rəhbərliyi altında növbəti dini mərasim keçirilib.

Sözügedən tədbir Türkiyədəki erməni icması üçün əlamətdar hadisələrdən biri hesab olunur. Mərasimə təqribən 1000-ə yaxın erməni və 3000 yerli sakin qatılıb. Tədbirdə Ermənistan parlamentinin nümayəndəsi Araqats Ahoyan, Van şəhər administrasiyası rəhbərinin müavini Atay Uslu, Gevaş bələdiyyəsinin başçısı Nazmi Şener, Van bələdiyyəsi sədrinin müavini Sabri Abi və türkiyəli deputat Nazmi Gür iştirak ediblər. Mərasim zamanı iştirakçılar tərəfindən şamlar yandırılıb, dualar oxunub, eləcə də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq nitqləri səsləndirilib.

Eyni zamanda, şamların satışından əldə edilən gəlirin Vanda baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxslərin yardım fonduna köçürüləcəyi elan olunub. Hətta, tədbirin gedişində bəzi erməni nümayəndələri tərəfindən Ermənistan bayrağının ucaldılması yerli əhalinin etirazına səbəb olub, bu zəmində qısamüddətli gərginlik yaranıb.

Vasif Həsənli
AzNews.az