Mirmahmud Mirəlioğlu Gözəl Bayramlıya cavab verdi

30 Oktyabr 2012 07:41 (UTC+04:00)


AXCP sədrinin müavini Gözəl Bayramlı KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına sərt ittihamlar səsləndirib. Sədri müavini "facebook" sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, Mirmahmud Mirəlioğlu prokurorluğa ifadəsində Əbülfəz Elçibəyin zəhərlənərək öldürüldüyü barədə ifadə verərəkən qeyri-müəyyənlik nümayiş etdirib: "Bəzi mətbuat orqanları KXCP sədrinin Elçibəyin zəhərlənməsi ilə bağlı şouya dəstək verdiyini yazıb. Sosial şəbəkə fəalları bu məlumata dərhal və çox sərt reaksiyalar verirlər".

G. Bayramlı mətbuatda Mirmahmud Mirəlioğlunun "yarımçıq da olsa, təkzib açıqlamalarını da oxuduğunu" qeyd edib: "KXCP funksionerləri də bu təkzib açıqlamalarını yayır, Mirmahmud bəyi prokurorluğa verdiyi ifadəyə görə qınayanları səhv etməkdə, tələsməkdə qınayırlar. Buna baxmayaraq, qeyri-müəyyənlik yenə qalır". G. Bayramlı M. Mirəlioğlunu Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı başlanmış cinayət işinə birmənalı münasibət bildirməməkdə də qınayıb: "O, Elman Türkoğlunu partiyada saxlayıb, himayə edir, ikibaşlı danışır, başqa bir cinayət işində adı hallansa da, həmin iş barədə ictimaiyyətə açıqlama vermir. Hər kəsə demək istəyirəm ki, bu kampaniya nə cəbhəçilərin, nə də AXCP sədrinin umrunda deyil, heç bir şər-böhtan bizi durdurmaq gücündə deyil. Şükürlər olsun ki, indi millətimiz də, dünya da kimin kim olduğunu bilir. Bu maneəni də adlayıb keçəcəyik".
G. Bayramlı KXCP sədrinə və funksionerlərinə ismarış da göndərib: "Bu qeyri-müəyyənliyin aradan qalxmasına hamıdan artıq siz maraqlı olmalısınız. ...Elman kimilərə qahmar çıxıb özünüz haqda şübhə yaratmayın". KXCP sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında Ə. Elçibəyin zəhərlənməsi ilə bağlı aparılan istintaqda verdiyi ifadəyə görə, qınanmasını qəbul etmədiyini deyib: "İstintaqda dediklərim yalnız müstəntiqə və mənə məlumdur. Amma bu adamların narahatçılığı varsa, xoflanırlarsa, özləri bilər. Heç kəsin ittihamını qəbul etmirəm və heç kimi də ittiham etmək niyyətində deyiləm".

M. Mirəlioğlu istintaqda ona ünvanlanan sualları da açıqlayıb: "Sual olundu ki, Elçibəyin zəhərlənməsi ilə bağlı onlara mənbə məlumat verib. Mən isə bunun kökündən yalan olduğunu xüsusi olaraq dedim. Ümumilikdə 3-4 sual olub ki, onları da cavablandırmışam. Həmçinin, bu istintaq işinin perspektivsizliyini də onların diqqətinə çatdırmışam. Bundan başqa, mənim etmədiyim hərəkətlərimlə bağlı kimsə narahatdırsa və nə isə danışırsa, öz tərbiyəsinə uyğun ifadələr səsləndirir. Allah köməkləri olsun. Bir qədər tərbiyəli olsalar, daha yaxşı olar".

AzNews.az