Nardaranda son vəziyyət

26 Noyabr 2015 22:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ans press-in hadisə yeində olan müxbirinin verdiyi məlumata görə, qəsəbənin giriş və çıxış yolları nəzarətə götürülüb, əraziyə daxil olan avtomobillər yoxlanılır.

Maşınların yoxlanılmasının səbəbi isə avtomobillərdə silah və ya partlayıcı maddələrin daşına bilmə ehtimalıdır.

Qəsəbənin daxilində isə nardaranlılar "Meydan" deyilən ərazisi müharisəyə alıblar. Bura qəsəbə sakinlərindən başqa heç kim buraxılmır. "Meydan"da xeyli sayda böyük təkərlər, taxtalar yandırılıb.

"Meydan"ı mühasirəyə alanlar dəmir və taxta dəyənəklərlə silahlanıblar.

Bu gün Nardaranda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə islamçı ekstremistlər arasında atış olub. Atışmada "Kalaşnikov" avtomatlarından və qumbaralardan istifadə edilib.

Atışma ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardarandakı atışma ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də bəyanat yayıb. QMİ Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisəni qətiyyətlə pisləyib.