Mətbuat Şurasından Nardaranda jurnalistlərin döyülməsinə - Reaksiya

26 Noyabr 2015 23:38 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov özünün "facebook" səhifəsində yazıb.

MŞ sədri qeyd edib ki, ictimaiyyət içərisində iğtişaşların bir qrup maraqlı şəxs tərəfindən hazırlandığına və həyata keçirildiyinə dair baxışlar var: "Haqlı olaraq irəli sürülən əsaslandırılmış məntiqi fikir və düşüncələrə də rast gəlinməkdədir. Mediaya təzyiq isə söz və ifadə azadlıqları kontekstində dəyərləndirilən məsələdir. Mövcud durumda jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdırmağa yönələn hərəkətin də sıradan bir vəziyyət olmadığını düşünmək mümkündür. Azərbaycan Mətbuat Şurası belə qənaətdədir ki, iğtişaşı yaradan amillərin aşkarlanması nə qədər aktual əhəmiyyət kəsb edirsə, jurnalistlərə qarşı kobud rəftarı doğuran səbəblərin müəyyənləşdirilməsi də bir o qədər zəruridir, mütləqdir.

Azərbaycan Mətbuat Şurası Nardaranda baş vermiş iğtişaşları işıqlandıran jurnalistlərə təzyiqi qətiyyətlə pisləyir. Şura ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər".

Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası günahkarların layiqli cəzalarını almaları üçün səlahiyyətləri çərçivəsindəki bütün mümkün vasitələrdən istifadə edəcək, müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaq: "Azərbaycan Mətbuat Şurası həmçinin media orqanlarını Nardaranda baş vermiş iğtişaşların işıqlandırılmasına həssas yanaşmağa, hadisənin mahiyyətini düzgün şəkildə çatdırmağa, cəmiyyətdə təfriqə yarada biləcək fikir və düşüncələri yaymamağa, ümumən peşə borcunu məsuliyyətlə yerinə yetirməyə çağırır".