Cəmilədən ittiham: “İndi efirlər, verilişlər pulla alınır və satılır”

30 Oktyabr 2012 09:20 (UTC+04:00)
"İstedadsız, səsi olmayan müğənnilərin əksəriyyəti efiri zəbt edib. Hər şey pulla alınır, satılır. Sənətə qiymət verən var ki? Müğənniləri növbəylə efirə dəvət etsinlər. Qarışıqlıq yaranıb. Axı belə olmaz!"

Bu fikirləri AzNews.az-a açıqlamsında "Elit star" ləqəbiylə tanınan müğənni Cəmilə deyib. O, bildirib ki, fasiləsiz olaraq yaradıcılıq işləriylə məşğul olur və mahnılarını internet saytlarında yayımlamaqla kifayətlənib:

"Axı nə edim? Bütün efirlərdə eyni insanlardı. Oradan-ora, buradan-bura qaçırlar. Elə bil dünyanı beş əlli tutacaqlar. Azərbaycan Dövlət Televiziyasının əvvəlki dövrü əla idi. Hər şəxs ayda bir dəfə də olsa, davamlı olaraq verilişlərdə olurdu. İndi efirlər, verilişlər pulla alınır və satılır. Mən toy müğənnisi deyiləm. Yeni mahnılar oxuyub, albom hazırlayıram".

Müğənni həmkarlarının əksəriyyətini tənbəllikdə və məsuliyyətsizlikdə qınayıb:

"Onsuzda hamının başı toylara qarışıb. Nə mahnı yazan, nə də konsert verən var.
Mən yalnız xalqıma xidmət edirəm. İnsanlara mahnı bəxş edirəm. Konsertimi istəyirlər. Bunun üçün isə sponsor lazımdır".

Fuad Mədətov
AzNews.az