Bir Əlini köməyə çağırıb, iyirmi Əlini ağlar qoymaq

28 Noyabr 2015 12:42 (UTC+04:00)

Qumbara. Avtomat. Dəyənək. Daş. Aqressiyanın silahları

Nardaranda bu adda sərgi keçirilib. Sərginin təşkilatçılarının imzasından qan damır. Mənzərəni gözlərimiz qarşısında canlandıranda ağıldan dilə daş kimi bir söz düşür: "dəhşət". Yəni "ujas". Bu janrda olan filmlərin həyatda təcəssümü yağışa dönüb ölkələrə yağır. Damlalardan biri qumbara, avtomat, biri dəyənək... Daş yağışın sonuncu damlasında gəlib. Aqressiyanın savadsız halı: dövlətin hüquq -mühafizə orqanları hissləri hallanan adamların əlindən qumbaranı, avtomatı, dəyənəyi alırlar, göydən yerə daş düşür.

Yox, Nardaran istisnadır. O kənddə daş göydən yerə düşmür. O kənddə daşı meydana yığırlar. Mağara dövrünü xatırladır. Belə Bakının, belə Gəncənin, belə Qəbələnin belə Zaqatalanın belə Nardaranı ola bilməz. Nəsə qırılma var. Məntiq Nardaranda sınır. Yad məntiqləri yapışdırmaq olmur, yamaq olduğu bilinir. Nardarandakı məntiqi onlara sırıyıblar. Nədisə, Gəncədəki, Qəbələdəki, Zaqatala, Lerik, lap elə Lənkərandakı insanların yaşam düşüncəsi Nardarandakı düşüncənin eyni deyil. Lənkərandan əvvəl "lap elə" yazdım. Lənkəran da islam dininə təəssübkeş kimi bağlıdır. Ama o, aqressiv deyil.

Hə, burada informasiya qıtlığına toxunmağın yeri var. Ola bilsin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə məscidlərə pulsuz qaz verilməsindən Lənkəranın xəbəri var, Nardarandakı məscid məmurları əhaliyə bu barədə susaraq cavab verib. Halbuki, dövlətin dinə qayğısını elə birinci o dinin adından danışanlara göstərmək vacibdir. Göstərən orqan isə kənddəki məscid olmalıdır.

Məscid həm də kitabxana olmalıdır, dostlar. Məscid ora qədəm qoyan insanın ruhunu oxşamalıdır. Demirsiz, Allahın evidir? Məgər Allahın evindən də hirslə, hikkəylə, çıxarlar? Məgər Allahın evində, "qumbara tulla", "avtomat at", "dəyənək vur", "daş at" kəlmələrindən dərs keçirlər? Yoxsa, Allah sizi hirsləndirib?

Küfr danışıram? Demokratiya din deyil. Dini demokratiya da olmur. Demokratiyada danışdıqların səni incitməz. Demokratiyada "sus, küfr danışırsan" demirlər. Yoxsa Hacı Taleh danışmırdı? Hacı Zülfüqarı dinlədim. Danışır. Dünən də danışıb, sabah da danışa bilərdi. Necəki Hacı Taleh danışırdı. Danışmırdı? Ya Əli sədaları, silah səsləri ilə əvəzlənənə qədər danışdı. Səmimi deyirəm, Nadaranda iki polisin, dörd mülki vətəndaşın öldüyünü eşidəndə Əlidən utandım. O Əlidən yox. Mən Həzrət Əlini görməmişəm. Mənim dövrümün öz əliləri var. Bax onlardan altısı həmişəlik, on dördü uzun illər atasız qalacaqlar. Həmin altı Əlini görürəm. O altı Əlinin analarının "can Əli" bağırtısını eşidirəm. Nardaranlılar "ya Əli" deyir. Bir Əlini köməyə çağırıb, iyirmi Əlini ağlar qoymaq Məhəmməd Peyğəmbərin ruhunu diksindirməkdir. Allah sevimli Peyğəmbərinə necə buyurmuşdu? "Onlara de ki, Rəbbim öz ruhundan üfürdü sizlərə".

Tarixə "Allahın ruhunu diksindirənə nardaranlı deyilir" tərifi ilə düşməyə razı olarsız? Olmarsız. Gəncəli də barənizdə belə rəy yaranmasına razı olmaz, Şəkili də , Şirvanlı da. Azərbaycanlıyıq ona görə. Haqqınızda deyilən pis söz haqqımızda deyilir.

Sizə sırınan məntiq yamaqdır. Dəyərli nardaranlı dostlarım var. Onlarla ən ali mövvzularda söhbətlər etmişik. Həmişə bir nəticəyə gəlmişik: savad vacibdir, savad fərz deyil. Namaz kimi, oruc kimi... Allahdan Məhəmmədə gələn ilk sözün sübutu kimi.
Nardaranlının qapısı qonağın üzünə açıqdır. Gedək, o kənddə təbliğat aparaq. Dini həyat tərzi keçirən alim xanımlarımız var. Onlar nardaranlının evində qonaq olsunlar, təhsilin xoşbəxtlik gətirə biləcək yeganə din olduğunu faktlarla sübut etsinlər. Əgər nardaranlı Sartırı oxusaydı, başqalarının cəhənnəm olduğunu bilərdi. Başqa məntiqlə yaşamaq elə cəhənnəmə düşməkdir. Azərbaycanlının məntiqində qumbara, avtomat, dəyənək, daş ola bilməz.

Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılış mərasimində Qurani - Kərim oxunub. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Quranı-Kərimin mübarək ayəsindən sonra qonaqları salamlayıblar. İlham Əliyev və Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Həc ziyarətində olublar. Dinlə elmin vəhdəti. Budur Azərbaycanlının məntiqi.

Din tez xəstələnir, onun yeganə immuniteti elmdir. Elm həm də insanın nə istədiyini ona dəqiqliyi ilə izah edə bilir. İki gündü hadisələri izləyirəm, nardaranlının nə istədiyini anlamıram. Kənddə meydan var, və əhali istədiyi vaxt o meydana çıxıb, açıq fikirlərini səsləndirir. Dövlətin vətəndaşına göstərdiyi anoloqu olmayan münasibət. Ortaya minnətdarlıq əlaməti olaraq, ətirli gül gəlməliydi, güllə gəldi, qumbara çıxdı. Polis eşidib, silah saxlanan evə girərək, gələcək cinayətlərin qarşısını indidən almaq istədi, o qumbaralardan biri partladıldı. Deməli, kənddə həqiqətən silah olub. Deməli, polis Azərbaycanın Suriyaya, İraqa, Liviyaya, Əfqanıstana dönməməsi üçün o silahları əllərdən qoparmalıydı. O söz ki, silahdan gücsüzdür, müqqəddəs ola bilməz. Bir əldə Quran o biri əldə silah tutmazlar. Sizin üçün Həzrət Əlidən, bizim üçün iyirmi atanı itirən övlad əlilərdən ayıbdır.