Qüdrət Həsənquliyev: “Dəyişiklik qaçılmazdır”

30 Oktyabr 2012 11:08 (UTC+04:00)


"Mən çox istərdim ki, hakimiyyət də onun fərqində olsun və zamana uyğun olaraq yeniləşsin, islahatlar həyata keçirsin"

BAXC sədri, millət vəkili Qüdrət Həsənquliyevin AzNews.az-a müsahibəsini təqdim edirik

-Hazırda siyasi düşərgə 2013-cü il prezident seçkilərinə hazırlıq ərəfəsindədir. Siz bu hazırlıqlara nə zamandan start vermisiniz?

-Siyasi partiyalar hər zaman seçkilərə hazırlaşmalı, öz fəaliyyətləri ilə ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamağa çalışmalı, müxtəlif siyasi hadisələrə, proseslərə öz münasibətlərini bildirməlidirlər. Öz təklifləri, platformaları ilə xalqın dəstəyini, rəğbətini qazanmalıdırlar ki, xalqın da onlara inamı olsun. Bu baxımdan sizinlə razıyam ki, hər seçkidən dərhal sonra partiyalar növbəti seçkiyə hazırlaşmalıdır. Ümumən dünya təcrübəsi göstərir ki, seçkilərə bir il qalmış partiyalar aktiv şəkildə seçkilərə hazırlaşırlar. Amma bizdə hələ ki, bu ənənə formalaşmayıb. Bizdə bir çox hallarda seçkilərə start verildikdən sonra kampaniya başlayır. Bu da bir qədər demokratik ənənələrin tam formalaşmaması ilə bağlıdır.

-Hansı formada seçkidə iştirak edəcəyinizi müəyyənləşdirmisiniz?

-Partiyanın noyabrın 17-də keçiriləcək qurultayında prezidentliyə namizəd məsələsinə də baxılacaq. Yəqin ki, biz seçkidə iştirak və öz namizədimizlə bağlı müvafiq qərar qəbul edəcəyik. Bundan sonra daha aktiv formada bu prosesə qoşulacağıq.

-İki prezident seçkisində prezidentliyə namisəd kimi iştirak etmisiniz. Bu təcrübələrdən hansısa nəticələr əldə etmisiniz?

-Siyasi partiyaya seçki kampaniyasında iştirak çox böyük üstünlük verir. Əvvəlki seçkilərdə biz hər zaman yeni yaranmış partiya kimi qalib gəlmək imkanlarımızın xeyli məhdud olduğunu bildirmişik. Amma biz seçki kampaniyasının verdiyi imkanlardan istifadə edərək partıyanın proqramını insanlara çatdırmağa, partiyanı təbliğ etməyə çalışmışıq. Bilirsiniz ki, bizdə başqa vaxtlarda bu imkanlar çox məhduddur, partiyaların televiziyalara çıxışı olduqca çətindir və bir çox hallarda televiziyaların istəyinə uyğun müzakirələr aparılır. Heç vaxt siyasi partiya təmsilçiləri, funksionerləri öz istəklərinə uyğun mövzu seçə və yaxud da münasibət bildirə bilmirlər. Bu baxımdan seçki kampaniyası çox kiçik imkan yaradır. Biz hətta o kiçik imkanları da zəruri hesab etmişdik və seçkilərə iştirak qərarı vermişdik.

-Bu dəfə necə, müxalifət ciddi nəticə əldə edə biləcəkmi?

-Biz də daxil olmaqla müxalifətin ciddi nəticələr əldə edəcəyi çətin məsələdir. Amma hesab etmirəm ki, biz bu dəfə də partiyanın tanıdılmasını qarşıya əsas məqsəd kimi qoyacağıq. Hesab edirəm ki, biz bu illər ərzində partiyanı az-çox tanıda bilmişik.

-Seçkidə iştirak məsələsində daha çox hansı pirinsipə üstünlük verəcəksiniz?

-Biz burda götür-qoy edəcəyik. Vəziyyətdən asılı olaraq özümüz də iştirak edə bilərik, yaxud da demokratik qüvvələrin vahid namizədini də dəstəkləməyimiz mümkündür. Əgər belə bir namizəd olacaqsa və baxışları da bizim partiyanın baxışlarına uyğun gələcəksə.

-Konkret olaraq, budəfəki seçkidə real namizədin kimliyini müəyyənləşdirmisiniz?

-Biz Milli Məclisdə əməkdaşlıq etdiyimiz partiyalarla-VHP, BQP, DİP, Ədalət, MİP ilə bir araya gələ bilərik. Hətta vahid namizəd məsələsində də bu partiyalarla razılığa gəlmək mümkündür. Düşünürəm ki, parlamentdə təmsil olunan digər partiyalarla da əməkdaşlıq edə, vahid namizəd məsələsini müzakirə edib vahid seçki platforması formalaşdıra bilərik.

-Cəmiyyətin maarifləndirilməsi baxımından BAXCP özünün təsir imkanlarını müəyyənləşdirə bilib?

-Təbliğat imkanlarımız çox məhduddur. Bu da indiki mövcud reallıqlardan irəli gəlir. Buna baxmayaraq, hesab edirəm ki, cəmiyyətimizdəki bir çox müsbət dəyişikliklər, məhz cəmiyyətin siyasi maariflənməsi, siyasi mədəniyyətinin yüksəlişi ilə bağlıdır. Bu bizim əsas prioritet fəaliyyət istiqamətimizdir. Biz bilirik ki, məhdud sayda yaxşı təhsil almış, siyasi proseslərdə formalaşmış insanların istəyi ilə bütövlükdə cəmiyyəti dəyişmək mümkün deyil. Cəmiyyətin özü bu dəyişikliklərə hazır olmalı, onu istəməlidir. Bu gün bizə vaxtı ilə rəhmətlik Əbülfəz Elçibəyin filosofcasına dediyi "Hər şeyin bir zamana ehtiyacı var" ifadəsinin fəlsəfi mahiyyəti aydın olur. Zaman keçdikcə indi bizə daha çox bəlli olur ki, şərqşünas filosof kimi Elçibəy bir çox məsələlərə zamanında doğru-düzgün uzaqgörənliklə qiymət verirdi. Ona görə də həqiqətən bəzi məsələlərdə zamana ehtiyac vardı. İndi artıq bu zaman yetişib.

-Nəyin zamanının çatdığını nəzərdə tutursunuz?

-İndi Azərbaycanda yeni bir nəsil formalaşıb. Əgər 1993-cü ildə 10 yaşında olan uşaqlar nə baş verdiyini, hansı proseslərin getdiyinin mahiyyətini dərk edə bilmirdisə, indi onlar 30 yaşındadır. 1993-cü ildə doğulan uşaqlar da 19-20 yaşdadırlar. Bu o deməkdir ki, artıq yeni nəsil formalaşıb və bu yeni nəsil də dəyişiklik istəyir. Mən çox istərdim ki, hakimiyyət də onun fərqində olsun və zamana uyğun olaraq yeniləşsin, islahatlar həyata keçirsin. İndiki yeni nəsillə, 19-20 yaşlı uşaqlarla işləmək daha asandır, onlar yenilikləri də daha yaxşı qavrayır. İndi isə informasiya texnologiyaları gənclərin həyatına daha ciddi şəkildə daxil olub. Bu baxımdan düşünürəm ki, dəyişikliklər qaçılmazdır.

-Qüdrət bəy, seçkidə topladığınız səslərin faizi ilə rəsmi elan arasında ciddi fərq olduğunu dəfələrlə bəyan edibsiniz... Amma məsələlərə loyal münasibətiniz də diqqətdən qaçmır...

-Biz 2003 və 2008-ci ildə keçirilən seçkiləri heç də ideal saymamışdıq. O mənada ATƏT-in seçki barədə verdiyi hesabatla razılaşmışıq və seçkinin legitimliyini tanısaq da hesab etmişik ki, seçkinin Qərb standartlarına cavab verən, əhalinin bütün təbəqələrinin nəticələri birmənalı qəbul etməsi üçün çox iş görülməlidir. Onun da yollarından biri çoxpartiyalı sistemin, vətəndaş cəmiyyətinin inkişafından keçir.

-Bəs seçkinin rəsmi elanının ictimai rəyə mənfi təsirindən narahatlıq keçirmirsiniz ki?

-Biz nəticələri birmənalı qarşılamamışıq və hər zaman da müəyyən qanun pozuntularının olduğunu vurğulamışıq. Bəzi partiyalar isə ümumiyyətlə seçkinin legitimliyini tanımır və hakimiyyəti də qəbul etmirlər. Biz düşünmürük ki, bu mövqe ölkədə demokratiyanın inkişafına, qanunun aliliyinin bərpa olunmasına hansısa müsbət təsir göstərir. Biz hesab edirik ki, Azərbaycan reallıqlarını qəbul etmək lazımdır və təkamül yolu ilə inkişaf yolu keçməliyik, insanlarımız tədricən belə bir siyasi mədəniyyət, inkişaf səviyyəsinə çatmalıdırlar ki, heç kim saxtakarlıqlara getməsin, buna cəhd də göstərməsin.

-Yeni nəsildən razılıq etdiniz. Necə düşünürsünüz, 2013-cü il seçkisində həmin qüvvələrdən real alternativin ortaya çıxması mümkündürmü?

-Xeyir. Belə bir perspektiv yoxdur. Formalaşmaqda olan gənc nəslin qüvvələrindən necə istifadə olunmasından söhbət gedir. Yəni bu gəncliyi destruktiv qüvvələr hakimiyyətlə qarşıdurmaya da, ixtişaşlara da gətirib çıxara bilər. Bir də var ki, gəncliyin enerjisini dinc inkişaf yoluna keçirəsən. Biz də bütün çıxışlarımızda buna nail olunmasına çalışırıq. Hesab edirik ki, dinc inkişafın alternativi böyük fəlakətlərə yol aça bilər. Bizim isə hələ də həllini tapmamış Qarabağ problemimiz var və biz elə dövlətlərlə əhatə olunmuşuq ki, burda siyasi sabitliyin pozulması katakilizmlərə yol aça bilər. Onun üçün də biz milli həmrəylik yolu ilə, amma siyasi rəqabət mühitində qarşıdurmasız cəmiyyətimizi irəli aparmalıyıq.

-Rusiyada yaranan yeni təşkilatı necə, özünüzə alternativ sayırsınız?

-Bu təşkilatda bir araya gələnlərdən Azərbaycan Respublikasına qarşı çıxanların olacağı az ehtimal olunur. Ola bilsin bir-iki nəfər Rusiyanın hansısa dairələri ilə əlaqəli olsun və onların tapşırıqları ilə bu proseslərə də qoşulsunlar. Amma orda olanlardan Rusiyanın Azərbaycana qarşı istifadə edəcəyini də çox da ciddi qəbul etmirəm. Bu təşkilatda bir araya gələnlər də çox yaxşı bilirlər ki, indiki hökumət Rusiya hökuməti üçün edə biləcəyindən artığını edib. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, Rusiya bundan artıq yaxınlaşsın. Hamı bilir ki, bizim torpaqlarımızı Rusiyanın dəstəyi ilə Ermənistan işğal edib. Rusiya işğal edib və 20 ildən artıqdır ki, Rusiyanın vasitəsilə də işğalda saxlayır. Ona görə də Rusiya bundan artığı haqqında düşünməməli, daxildə düşmən axtarmamalı və Azərbaycanla oturub danışmalı, Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll olunacağını rəsmən bəyan etməlidir, dövlətlərarası yeni sazişlə bu öz həllini tapmalıdır. Bundan sonra Azərbaycan Rusiya ilə əlaqələri daha da yaxınlaşdıra bilər.

Gültəkin Qəhrəmanlı
AzNews.az