“Mən ermənilərlə hər zaman görüşməyə hazıram”

30 Oktyabr 2012 15:20 (UTC+04:00)


"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov oktyabrın 23-də Moskvada Azərbaycanın bir qrup diaspora təşkilatları ilə Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri arasında keçirilən görüşə münasibət bildirib.

İcma rəhbəri B.Səfərov AzNews.az-a açıqlamasında deyib ki, bu kimi görüşlərdən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının da məlumatı olmalıdır: "Amma onlar bizə xəbər verməyiblər. Heç olmasa bizdən də soruşsunlar ki, dərdimiz nədir? Arzu və istəyimiz nədir? Onlar tədbir keçirir, amma mənim heç nədən xəbərim yoxdur.

Onlardan soruşmaq lazımdır ki, diasporasınız, amma Dağlıq Qarabağın azərbaycanlı icması ilə niyə əlaqə saxlamamısınız? Azərbaycanın Rusiyada bir diasporu var-mən bir Azərbaycan diasporu tanıyıram.

Hesab edirəm ki, harada yaşamasından asılı olmayaraq, indi hər bir azərbaycanlı özünü şuşalı və qarabağlı hesab etməlidir, Dağlıq Qarabağ məsələsi ilə bağlı bütün danışıqlarda özünün şuşalı saymalıdır. Mən ermənilərlə formasından asılı olmayaraq, hər zaman görüşməyə hazıram".

Vasif Həsənli
AzNews.az