YUNESKO Ermənistana “yox” dedi - Rəqsimizi oğurlamaq istədilər
2 Dekabr 2015 14:24 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Ermənistanın təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləmiş və nominasiya faylının Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib. Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə "Köçəri, ənənəvi qrup rəqsinin" Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edib. O, bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.
Xatırladaq ki, "Köçəri" Azərbaycanın milli rəqsidir və "Yallı"nın bir növüdür. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsdir. Mütəxəssislər bunun ermənilərə bir aidiyyətinin olmadığını bildirirlər.
Bahar RÜSTƏMLİ