Qiymət artımı 1 boşqab borşla hesablanacaq

30 Oktyabr 2012 18:50 (UTC+04:00)


Ukraynada rəsmi qaydada "borş indeksi" hazırlamaq təklif edilib. Ukrayna mətbuatının yazdığına görə, bu barədə məlumatı deputatlığa namizəd Vladioslav Lukyanov verib. İndeksin hazırlanmasında ABŞ-ın "McDonald`s" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan hamburgerin qiyməti əsasında tərtib edilən "Biq Mak" indeksinin hazırlanma təcrübəsindən istifadə edilə bilər.

"The Economist" jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir. Buna görə də "Biq Mak"ın köməkliyi ilə valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür.

Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə "şişirdilib". Əgər "Biq Mak" ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

İndı də Ukrayna bu təcrübədən yararlanmaq niyyətindədir. Siyasətçinin sözlərinə görə, "borş indeksi" ölkənin ərzaq bazarındakı vəziyyəti müəyyənləşdirməyə xidmət edəcək.

V.Lukyanov bildirib ki, ölkədə son 3 ildə borşun hazırlanmasında əsas ərzaqlardan hesab edilən kartofun qiyməti 3 dəfə azalıb. Lukyanov ölkəsində yaradılacaq "borş indeksi"nin ərzaqların qiymətindəki dəyişikliyi müəyyənləşdirməyə imkan verəcəyini düşünür. Beləliklə də həm ölkənin ayrı-ayrı şəhərlərindəki qiymət artımını, həm də dünyanın ayrı-ayrı ölkələrində milli valyutanın məzənnəsini müəyyən etmək mümkün olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az