Vətənə bir milyard avro göndərən türklər

30 Oktyabr 2012 19:15 (UTC+04:00)
Almaniyada yaşayan türklər hər il Türkiyəyə bir milyard avro göndərir. İNFO Araşdırmalar İnstitutunun məlumatına görə, Almaniyada yaşayan hər 3 türkdən biri valideynlərinə pul göndərməkdə davam edir. Bu isə adambaşına hər il 1,3 min avro təşkil edir. Almaniyada yaşayan türklərin sayını nəzərə alsaq, bu rəqəmin bir milyard avrodan artıq olduğu ortaya çıxar.

Ancaq Türkiyəyə göndərilən pullar təkcə onların qazandıqları deyil, həm də hökumətdən aldıqları sosial yardımdır. Almaniyada yaşayan türklərin 17 faizi hökumətdən sosial yardım alır.

Pulla yanaşı türklər vətənlərinə ərzaq məhsulları, ev avadanlıqları da göndərir. Bu köməyin həcmi isə 250 avro dəyərində hesablanır.

İNFO-nun direktoru Holqer Lileberq xəbəri şərh edərkən türklərin öz vətənləri ilə bağlılğının güclü olduğuna diqqəti çəkib.

Elnarə Əlosmanqızı
AzNews.az