Metsamor stansiyasının bağlanılması TBMM-ə çıxarıldı - EKSKLÜZİV

30 Oktyabr 2012 14:37 (UTC+04:00)
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Sinan Oğan bu gün mətbuat konfransı keçirib.

AzNews.az-un məlumatına görə, TBMM-də təşkil olunan mətbuat konfransında türkiyəli millət vəkili S.Oğan bəyan edib ki, Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) dərhal bağlanılmalıdır.

Sözügedən AES-nin istifadə müddətinin çoxdan başa çatdığını diqqətə çatdıran S.Oğan qeyd edib ki, bu məsələ TBMM-nin iclaslarında müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir: "Türkiyə tərəfi dəfələrlə sözügedən stansiyanın region üçün böyük təhlükə mənbəyi olduğunu və bunun dərhal bağlanılmasını tələb edib. Amma çox təəssüf ki, Ermənistan hökuməti Metsamor AES-nin istifadə müddətinin daha 15 il artırılmasına qərar verib".

S.Oğan sözügedən məsələnin bu həftə TBMM-nin növbəti iclasının gündəliyinə salınması barədə parlamentdə çıxış edəcəyini də bildirib.

Vasif Həsənli
AzNews.az