Rəqsanəni küçənin ortasında təpiklədilər

30 Oktyabr 2012 14:42 (UTC+04:00)
Bu səhər Nərimanov rayon Məhkəməsində müğənni Rəqsanənin Azayev qardaşlarına şikayəti əsasında açılan məhkəmə işinin növbəti iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclasdan sonra evinə qayıdarkən müğənni Faiq Azayevin hücmuna məruz qalıb. Onu şəxsi avtomobili ilə izləyən cavabdeh tərəf qarşısını kəsib söyüş söyüb, maşınını cızmağa, təpikləməyə başlayıb.

Dərhal 102 xidmətindən istifadə edən sənətçinin köməyinə 17-ci polis bölməsinin əməkdaşları gəlib. Müğənni izahat verəndən sonra mətbuat vasitəsi ilə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti dövlət qurumlarına müraciət edib:

"Bu hadisə məni uşaqlarımı götürüb Bakını tərk etməyə vadar edir. Azayevlərdən hər şey gözləmək olar. Küçənin ortasında bir qadını təhqir edən insan başqa vasitələrə də əl atar. Mən ailəmin və özümün təhlükəsizliyini düşünürəm. Ona görə, çox narahatam. Lazımi dövlət qurumlarına üz tutub, mənə bu situasiyada yardımçı olmasını istəyirəm. Dövlətimizin qanunları var və qanundan kənar özbaşınalıq edən insanlar cəzalanmalıdır. Mən də bu günə qədər Azayev qardaşları tərəfindən başıma gələn hadisələrə lazımi ölçü götürülməsini dövlət qurumlarından xahiş edirəm. Əgər mən məhkəməyə, məhkəmədən sonra evə təhlükəsizliyimi qorumaq üçün polisin müşayiəti ilə gedirəmsə, görün hansı vəziyyətdə yaşayıram. Bu insanlar günahlarını belə "yuyurlar".

Müğənni onu da qeyd etdi ki, bir müddət əvvəl Azayev qardaşlarının törətdiyi daha bir hadisə onun ayağına yazılıb:

"Onların yanında Lalə adlı bir xanım var. Həmin qardaşlar onun anası Raziyyə xanımı döyüb, hadisəni ört-basdır etmək üçün mənim ayağıma yazıblar. Guya o qadını mən döydürüb, bunların üzərinə atmışam. Onlar mənə daha bir quyu qazmaq istədilər, amma düşürə bilmədilər".

Fuad Mədətov
AzNews.az