«İnter» və AzAL-dan növbəti qələbələr

30 Oktyabr 2012 18:12 (UTC+04:00)
Bu gün Topaz Premyer Liqasında XI tur başlayıb. AzNews.az xəbər verir ki, ilk mübarizə günündə 2 oyun keçirilib. Hər 2 matç paytaxtda baş tutub. Ölkə çempionatının bürünc mükafatçısı "İnter" doğma divarlar arasında "Kəpəz" klubunu qəbul edib.

Hesabı qonaqlar açsa da, "bankçılar" sonradan oyunda dönüş yarada biliblər. İlk hissədə hücumçu Elxan Əzizovun qoluna bakılılardan İbrahima Naisse dubla cavab verib. Növbəti yarıda Baçana Sxadadze qarşılaşmada son nöqtəni qoyub – 3:1

Digər görüş AzAL ilə "Bakı" komandaları keçirilib. "Zolaqlılar" matça fəal başlayıblar. Bunun nəticəsi kimi 9-cu dəqiqədə Lukaş Mario Horvat fərqlənib. Amma "təyyarəçilər" ruhdan düşməyib.

39-cu dəqiqədə nigeriyalı forvard Viktor İqbokoyi hesabı bərabərləşdirib. 2-ci hissəyə "Bakı" hücümlarla başlasa da, arxa xəttdə səhv ona baha başa gəlib və 76-cı dəqiqədə Junior Nildo AzAL-ın qələbə topunu vurub (2:1).

Kamran Hacı
AzNews.az