MDB ölkələri prezidentlərinin sammiti dekabrın 5-də keçiriləcək

30 Oktyabr 2012 20:00 (UTC+04:00)
MDB ölkələrinin dövlət başçıları növbəti sammiti dekabrın 5-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Dekabrın 4-də Aşqabadda MDB Xarici İşlər Nazirlikləri başçılarının iclası baş tutacaq.

Bildirilir ki, sammitin vaxtının müəyyənləşməsi məsələsi Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müzakirə ediblər. Türkmənistan televiziyası bildirib ki, sammitin vaxtının dəyişdirilməsi MDB-nin İcraiyyə Komitəsinin xahişi ilə edilib. Türkmənistan tərəfi bəyan edib ki, görüşün keçirilməsinə tam hazırdır. Hal hazırda Berdıməhəmmədov MDB dövlətləri başçıları Şurasına rəhbərlik edir.

Lebedev deyib ki, sammitin vaxtının dəyişdirilməsi bu görüşə hazırlıq, əsasində müzakirə olunacaq sənədlərin hazırlanması ilə bağlıdır. Aşqabadda MDB ölkələri arasında əməkdaşlığın inkişafına dair 20 sənəd ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, bundan öncə bu iki iclasın noyabrın 1-2-də Aşqabadda keçirilməsi planlaşdırılırdı.

AzNews.az