Əhmədinejad zəvvarlara hücum edənlərə cəza istədi

31 Oktyabr 2012 06:29 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejad İraq hökumətindən iranlı zəvvarlara hücum edən şəxsləri tapmağı və cəzalandırmağı tələb edib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, iranlı zəvvarlara qarşı hücumları kəskin şəkildə pisləyən M. Əhmədinejad İraqın müvafiq orqanlarından cinayətkarları həbs etmələrini istəyib. İran prezidenti həmçinin hücumlar zamanı yaralanan zəvvarların müalicəsi üçün heç bir fədakarlıqdan çəkinməyəcəklərini bildirib.

M. Əhmədinejad bu cür intiharçı hücumlardan təəssüfləndiyini deyərək, İraqda cinayətlərin sözdə insan haqlarından danışan dövlətlərin yalanları və iddiaları kölgəsində sürdüyünü vurğulayıb.

Qeyd edək ki, bu günlərdə İraqda iranlı zəvvarları daşıyan növbəti avtobus partladılıb. Hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, "əl-Taci" bölgəsində baş verib.

Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb. İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər ediblər: "Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib".

AzNews.az