Noyabr ayının hava proqnozu açıqlandı

31 Oktyabr 2012 07:03 (UTC+04:00)


Noyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, respublika üzrə yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Noyabr ayının ikinci və üçüncü ongünlüyünün ayrı-ayrı günlərində bəzi dağlıq ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 4-9, gündüzlər 10-14 dərəcə isti təşkil edəcək, ayın birinci yarısında temperatur 14-18, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 10-15 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Ayın əvvəlində gecələr 4-9, ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 20-25, ayın ikinci yarısında 8-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir, gündüzlər 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 12-16 dərəcəyədək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı ehtimal edilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 10-15, ayın əvvəlində 16-19, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 1-5, ayın əvvəlində 7-19 dərəcə isti, ayrı-ayı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 15-19, ayrı-ayrı günlərdə 5-7 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm) olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 6-11, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərdə 22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 9-13 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-9 dərəcə isti, dağlarda 1-5 dərəcə şaxta, gündüzlər 12-17, ayın əvvəlində 18-20 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

AzNews.az