YAP rəsmisi Nigar Yaqublu barədə sərt danışdı

31 Oktyabr 2012 08:54 (UTC+04:00)


"Müxalifətin Nigar Yaqublunun adını siyasi məhbuslar siyahısına saldırması anormal hadisədir". Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, siyasi məhbus termin istismar edilir: "Biz bunu siyasi məhbus anlayışına zidd hesab edirik. Bütövlükdə Azərbaycanda siyasi məhbus yoxdur. Nigar Yaqublu da siyasi məhbus deyil. Bu cür çağırış, deyiliş məntiqə ziddir. Ona qarşı cinayət işi qaldırılıb. Törədilən qəza hadisəsinə görə istintaq gedir. İstintaqa da kimlərsə müdaxilə etməməlidir".

M.Qurbanlı deyib ki, Kristofer Ştrasser Azərbaycanda siyasi məhbus mövzusunun istismarçısıdır: "O, siyasi məhbus məsələsi ilə alver edən şəxsdir. Ştrasser də, o birilər də bu məsələdə qeyri-obyektivdir. Bu qərəz də gözlə görünəndir".

Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin Azərbaycan üzrə siyasi məruzəçisi Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbus siyahısına salıb.

Xatırladaq ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub.

Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İlkin Pirəli
AzNews.az