Mövlud Çavuşoğlu Minsk qrupunu tənqid etdi - EKSKLÜZİV

31 Oktyabr 2012 09:19 (UTC+04:00)


"Dialoq hər zaman vacib amildir və biz də münaqişələrin sülh və dialoq yolu ilə həllini dəstəkləyirik. Amma bu dialoqun da konkret nəticələri olmalıdır".

Bunu AzNews.az-a eksklüziv müsahibəsində Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin xüsusi nümayəndəsi, təşkilatın sabiq sədri Mövlud Çavuşoğlu oktyabrın 27-də Parisdə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

AŞPA-nin xüsusi nümayəndəsi bildirib ki, bu cür görüşlərdə konkret nəticələr əldə olunmalıdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində irəliləyişlərin əldə olunması vacib əhəmiyyət kəsb edir: "Uzun müddətdir ki, bu münaqişə davam edir. Amma çox təəssüf ki, hələ də Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb. Bu, bizi də narahat edir və mövcud vəziyyətə təəssüflənirik".

ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunan M.Çavuşoğlu deyib: "Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti indiyədək nəticəsiz qalıb. Minsk qrupunun fəaliyyəti hələ ki, səmərəsizdir. Buna görə də Minsk qrupu fəaliyyətini nəzərdən keçirilməlidir".

Vasif Həsənli
AzNews.az