Prezident Bülbülün abidəsinin açılışında

31 Oktyabr 2012 10:16 (UTC+04:00)


Prezident İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

AzNews.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, prezident İlham Əliyevə məlumat verilib ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar.

Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib.

Ədil
AzNews.az