Hacıbala Abutalıbov yenə rədd cavabı verdi

31 Oktyabr 2012 10:50 (UTC+04:00)
Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə Modern.az saytına BŞİH-in İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsindən məlumat verilib. Bildirilib ki, mitinqlə bağlı meriyanın cavabı artıq hazırdır.

Mitinqin əsas təşkilatçılarından olan Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Modern.az-a açıqlamasında Bakı Meriyasının rəsmi cavabı ilə tanış olmadığını bildirərək deyib ki, yəqin ki, müraciətə "yox" deyilib. "Müraciət artıq hazırdır. Biz indi gedib onu götürəcəyik. Hesab edirəm ki, Bakı şəhər İcra Hakimiyyəti ənənəvi olaraq yox cavabı verəcək", - deyə ALP sədri bildirib.

Qeyd edək ki, 14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib. Mitinqin noyabrın 3-dən saat 16-dan 18-ə qədər keçirilməsi nəzərdə tutulub. DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb. BŞİH-in cavabından asılı olaraq, mitinqin icazəsiz keçirilməsi də istisna edilməyib.

AzNews.az