Əli Həsənov: “Mənim Rəsul Quliyevlə görüşüm olmayıb” - EKSKLÜZİV

31 Oktyabr 2012 11:17 (UTC+04:00)
"Mənim Rəsul Quliyevlə görüşüm olmayıb və bundan sonra da görüşmək niyyətim yoxdur. Ümumiyyətlə, R.Quliyevin Rusiyada olduğundan xəbərim belə yoxdur. Bu barədə yayılan məlumatlar tam yanlış və əsassızdır".

Bunu AzNews.az-a eksklüziv müsahibəsində Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) barəsində yayılan məlumatlara münasibət bildirərkən deyib.

Hazırda Rusiyada işgüzar səfərdə olduğunu xatırladan Ə.Həsənov sözügedən səfərin Rusiyanın Prezident Administrasiyasının dəvəti ilə əvvəlcədən planlaşdırılmış səfər olduğunu bildirib. Onun sözlərinə görə, noyabrın 1-dək davam edəcək səfərin məqsədi Rusiya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, gələn il keçiriləcək regional forum və digər bu kimi ikitərəfli məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan Ə.Həsənov deyib: "Hazırda Rusiya-Azərbaycan münasibətləri çox yaxşı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud olan münasibətlər portnyorluq prinsiplərinə əsaslanır.

Hər iki tərəf bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. Azərbaycan və Rusiya prezidentləri də bəyan edib ki, Rusiya və Azərbaycan münasibətlərinin inkişafı gələcəkdə də strateji istiqamətlərdə davam etdiriləcək".

Vasif Həsənli
AzNews.az