“Vahid Mustafayevin filmləri bu sənətə təhqirdir” - QALMAQAL

31 Oktyabr 2012 12:47 (UTC+04:00)


"ANS-in prezidenti Vahid Mustafayevin "Xoca" və "Dolu" filmini çox bəyəndim. Hər iki film səviyyə baxımından cəmiyyətə nəsə deyə bilir". Bu fikrin müəllifi yazıçı Anardır.

Rejissor, ssenarist Eldəniz Quliyev AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin sədrinin bu fikrinə təəssüf etdiyini dedi: "Mən "Dolu" haqqında bir söz deyə bilmərəm. Çünki mən o filimi görməmişəm. Amma Anar müəllimin ANS-in istehsalı olan "Xoca" filimi haqqında dediyi sözlərə böyük şübhə ilə yanaşıram. İnanmıram ki, Anar o filmlə bağlı xoş söz deyə bilsin. "Xoca" filimi haqqında ancaq bir fikir söyləmək olar.

"Xoca"nı bir dərslik vasitəsi kimi göstərmək lazımdır. Yəni, ona baxıb film çəkməyək, bu fikirdən daşınaq. Necə yalançı vətənpərvərlik lazımdır? Qeyri-peşəkarlığını necə nümayiş etdirməlisən? "Xoca" haqqında ancaq belə danışmaq olar. Bu filmin haqqında ondan başqa nəsə söyləmək insafsızlıqdır. Mən Anar müəllimin bu fikirlərinə təəccüb edirəm. Anar kinodramaturq, yazıçı kimi müəyyən yüksək zövqə malik insandı.

O, film deyil. Sənətə dəxili olmayan şüar, plakat xarakterli olmalıdır. Amma təəssüf edirəm ki, "Xoca" bu funksiyanı da yerinə yetirə bilmədi. Belə filmlər Azərbaycanda kino sənətinə, incəsənətinə antonim olan bir şeydir. Vahid Mustafayevin filmləri bu sənətə təhqirdir. Mən demək istəyirəm ki, hər kəs bildiyi işin arxasınca getsin. Kino onların işi deyil. Siz kinonun 10 metrliyinə də yaxınlaşa bilmirsiniz. Görün Azərbaycan kinosu nə günə qaldı..."

Bahar Rüstəmli
AzNews.az