Həbsxanada ölən məhbusun qarnından çoxlu qaşıq çıxdı - TƏFƏRRÜAT

1 Noyabr 2012 09:07 (UTC+04:00)


Oktyabrın 29-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş vermiş ölüm hadisəsi ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, istintaq müddətində həbsdə olan 1978-ci il təvəllüdlü Zeynalov Mansur Qərib oğlunun öz əcəli ilə ölmədiyi, intihar etdiyi məlum olub.

Məhkəmə tibbi ekspertizası M.Zeynalovun meyitini müayinə edərkən qəribə mənzərə ortaya çıxıb. Vəfat etmiş məhbusun mədə-bağırsaq sistemində çoxlu sayda metal cisim aşkarlanıb. Onun qarnından bir neçə qaşıq, dəmir bolt, metal yad cisim çıxarılıb. Fakt intihar hadisəsi kimi qeydiyyata alınıb və fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Məlumata görə, M.Zeynalov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri ilə şübhəli bilinərək saxlanılıb. O, 2 ay əvvəl polis tərəfindən yaxalanarkən müqavimət göstərib və Xəzər rayon polis İdarəsi 3-cü Polis Bölməsinin rəis müavinini bıçaqlayıb. Həmin vaxt M.Zeynalov həbs olunmaqdan canını qurtarmaq üçün bilək nahiyəsindən damarlarını da doğrayıb. Lakin həbs olunacağını yəqin etdikdən sonra daha orijinal üsulla vəziyyəti öz xeyrinə dəyişməyə çalışıb.

M.Zeynalov hələ Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına salınarkən müxtəlif yad cisimlər udub. Bundan sonra Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı İstintaq Təcridxanasına salınan 34 yaşlı şəxs müalicə olunmaqdan imtina edib. O, müalicə ediləcəyi halda, intihara əl atacağını bildirib. Nəhayət oktyabrın əvvəllərində M.Zeynalov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Lakin burada aparılan müalicə onun həyatını xilas etməyə kifayət etməyib. M.Zeynalov daxili orqanlarında qalmış iri yad cisimlərin təsiri ilə ağırlaşmış xəstəlik nəticəsində ölüb.

Qeyd edək ki, M.Zeynalov daha Rusiyada da həbsxana həyatı yaşayıb. O, Bakıda törətdiyi quldurluq əməlinə görə saxlanılıb.

AzNews.az