“Azercell” abunəçiləri reklam SMS-lərini daha rahat idarə edə biləcəklər
23 Dekabr 2015 18:47 (UTC+04:00)
Şirkətdən AzNews.az-a verilən məlumata görə, abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssislərdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağazalar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir.
Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklamməlumat xarakterli SMS-lərindən imtina etmək üçün "STOP" sözünü 5010 qısa nömrəsinə göndərməklə (SMS-lər ödənişsizdir) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam/məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər.
Bir çox hallarda isə abunəçilər belə SMS-ləri almaqda maraqlı olur. Çünki məhz belə SMS-lər vasitəsi ilə, hər hansı kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Çox zaman müştərilər belə SMS-lər sayəsində maraqlı təkliflərdən xəbərdar olurlar. Bu baxımdan "Azercell Telekom" MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradır.
İndi abunəçilər yalnız onları maraqlandıran brendlərdən ibarət olan siyahı hazırlaya bilərlər. Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) göndərməlidir. Siyahının ləğv edilib bütün reklamməlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi "START" sözünü 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) yazıb göndərə bilər.