Bakıda qeyri-adi restoran – Pendirdən balıq, ətsiz kotlet...

24 Dekabr 2015 16:22 (UTC+04:00)
Şəhərin mərkəzində, Tolstoy küçəsində yerləşən restoranın fərqli cəhəti Bakıda ilk vegeterian restoranı olmasıdır. Vegeterianlıq haqda az-çox oxumuş və məlumatı olan biri kimi burada şam etmək və yeməklərindən xəbərdar olmaq istədim. Restorana daxil olan kimi insana təsir edən ilk şey fondakı musiqi olur. Zövqlə seçilmiş və insanın əsəblərinin sakitləşməsinə hesablanmış musiqilər digər kafe və restoranlardakı əsəbləri tarıma çəkən mahnı parçalarından çox fərqlənir.

Daha sonra isə milli atributlar, divarlara çəkilmiş rəsmlər musiqi ilə harmoniya yaradır.

Bir masa seçib əyləşirdim. Menyudakı yeməklərdən əvvəl diqqətimi 13-14 yaşlı bir uşaq çəkdi.

Menyuya baxıram – vegeteriansayağı kotlet, vegeteriansayağı balıq və s... Balıq sözünü düz görürsünüz, bəli. Masaya restoranın sahibi Ülfət bəy yaxınlaşır. Jurnalist olduğumu və vegeterianlıqla maraqlandığımı öyrənəndən sonra restorandakı yeməklər barədə məlumat verməyə başlayır.

Öncə balığın vegeterian restoranındakı menyuya necə salındığını öyrənməyə cəhd etsəm də, Ülfət bəy yeməyin dadına baxmadan bu barədə heç nə deməməkdə israr edir.



Yeməklər hazır olana kimi vegeterianlıq tarixindən, onların növündən, yemək çeşidlərindən, Azərbaycan mətbəxindəki yerindən danışırıq. Onun sözlərinə görə, vegeterianlığa gəlmək üçün insan mənəvi cəhətdən o səviyyəyə yüksəlməlidir, əks halda uzun müddət ət yemədən qala bilməz.

"İnsanlar vegeterianlığa cürbəcür məqsədlərlə gəlirlər. Elə adam var sağlamlıq üçün gəlir, elə adam var ki, heyvanlara yazığı gəlir və onların kəsilməsinə qarşı gəldiyi üçün vegeterianlığa keçir. Elə insan var, dini nöqteyi-nəzərdən vegeterian olmaq istəyir. Ətdən imtina etmək öz-özlüyündə həm sağlamlıqdır, həm də gümrahlıq. İndi BMT-də məsələ qaldırılıb ki, bütün dövlətlərdə vegeterianlıq təbliğ olunsun və yayılsın.

Mənə elə gəlir ki, bizi tənbəlləşdiriblər. Biz qidalarımızı ətlə məhdudlaşdırmışıq. Mal ətindən yeməklər hazırlanır və onunla da kifayətlənirik. Amma mətbəx dediyin zəngin olmalıdır. Xanım mətbəxə girib sehrbazlıq etməlidir. Qeyri-adi yeməklər hazırlamalıdır. Ət məhsulları ilə damaq dadını kasadlaşdırmaq olmaz"
– deyə, restoran sahibi bir az şikayətlənir.

Söhbət əsnasında öyrəndim ki, Ülfət bəy dindardır. O, 7 ildir ki, dilinə ət dəymədiyini deyir: "Əvvəl başlayanda bir az çəkinirdim. Yoxlamaqla başladım. İlk növbədə zərərli vərdişlərdən uzaqlaşdım – siqaret və içkidən. Onunla bərabər vegeterianlığı da yoxlamaq istədim. Bilirdim ki, dahi insanların əksəriyyəti vegeterian olub. Bir ay yoxlamaq məqsədilə etdim, amma heç nə başa düşmədim. Vaxt tez keçdi və mən nə dəyişiklik olduğunu anlamadım. Lakin 6 aydan sonra orqanizmimdə kəskin dəyişiklik hiss etdim. Bədənim yüngülləşdi, beynim aktivləşdi.

Günorta yuxusu adətən ət yeməyinin qəbulundan sonra gəlir. Lakin sən ətdən imtina etsən, günorta saatlarında gələn yuxu və əzginlikdən azad olarsan. Bundan əlavə vegeterianlıq yaddaşı gücləndirir.

Vegeterianlıqdan əvvəl mən kitaba yaxın düşə bilmirdim. Lakin indi məndə kitaba təlabat yaranıb. Oxumadan dayana bilmirəm. Özü də fəlsəfi kitablar. Vegeterianlığın xeyirlərini görəndən sonra başa düşdüm ki, davam etməyə dəyər. Amma onu deyim ki, bu yola insan şüurən gəlir. Vaxt və zaman gəlir ki, sən ətdən imtina edib, veqanlar kimi qidalanmaq istəyirsən. Əgər şüurən bu yola gəlmisənsə, heç bir qüvvə səni geri döndərə bilməz".

Elə etiraz etmək və bizim millətin ətyeyən olduğunu emək istəyirdim ki, restoran sahibi sözümü kəsir. "Bilirəm, "biz ətyeyənik, birdən imtina etmək olmaz axı" deyəcəksiniz" deyib izah edir: "Bu, sadəcə deyimdir. Təhtəl-şüurumuza yerləşdirilmiş və kütləviləşdirilmiş bir deyim. Bizim caynaqlarımız yoxdur, anadan olanda köpək dişləri ilə doğulmuruq. Necə anadangəlmə ətyeyən olduq? Əgər ətyeyəniksə, o zaman əti çiy yeyək. Niyə çiy ətin qoxusu bizə xoş gəlmir? Çünki təbiətimiz ətyeyənlərə aid deyil. İnsan orqanizmi otyeyənlərə daha yaxındır, nəinki ətyeyənlərə. Bizim bağırsaqlarımız eynən otyeyənlərdəki uzunluqdadır. Təxminən 17-19 metr. Lakin yırtıcıların bağırsaqları çox qısadır. Bağırsaqlarımız otyeyənlərə daha yaxın olduğundan ət orqanizmimizdə çürüməyə məruz qalır. Ümumiyyətlə ət bizim mədəmizdə tam həzm oluna bilmir. Sovetlər vaxtı ət də hər şey kimi talonla satılırdı və insanlar qədərindən daha çox ət qəbul edə bilmirdilər. Lakin indi məhdudiyyət yoxdur və buna görə də ürək-damar xəstəliklərinin sayı o dövrlə müqayisədə qat-qat artıb. 20 yaşlı insan niyə ifarkt olsun?! Əlbəttə ki, ekologiyanın çirklənməsi və bu kimi amillər təsirsiz deyil. Lakin ət bu məsələdə vacib elementdir. Ət insan orqanizmini qocaldan amillərdəndədir".



Vegeterianlar bir neçə qrupa bölünür: onlar arasında veqanlar və çiyyeyənlər var. Veqanlar tərəvəz məhsullarını bişirilmiş formada qəbul edirlər. Çiyyeyənlər isə Ülfət bəyin sözlərinə görə, vegeterianların daha ali formasıdır: "Bizim restoranda bir qız çalışır, Omsdan gəlib. O, çiyyeyənlərdəndir. Mənim şüurən ona çatmağım üçün hələ çox var. O qız heş bir ərzağı bişmiş formada yemir. Bu isə orqanizm üçün çox xeyirlidir".

Restoran sahibi ilə söhbət etdikcə başa düşürəm ki, vegeterianlar daha çox energetikaya inanan insanlardırlar. Onlar ət bişmiş qazanda belə bişmiş yeməklərin qəbulundan imtina edirlər: "Veqanlar deyir ki, ət bişən qazanda mən başqa heç nə bişirə bilmərəm. Deyirlər ki, ətin energetikası o qazana keçir.



Biz o əti yeyərik ki, heyvanın qulağına dua oxusunlar və həmin heyvan özü öz xoşu ilə gəlib başını bıçağın altına qoysun. Heyvanın əl-ayağı bağlanmamalıdır. Amma belə bir şey yoxdur. Qurban bayramında baş verənlər insanı dəli edir. Yaxud bu il Həcc ziyarətində heyvanlarla rəftarı görmədinizmi? Heyvan kəsiləndən sonra onun kapilyarlarında qan qalır. Və qanda informasiya var. Tolstoy deyir ki, mən nə yeyirəmsə, oyam. Beynimiz mədəmizə düşənlə qidalanır. Fikir verin, ətrafımızda qorxu və aqressiya artıb. Nifrət də həmçinin. Hamı bir-biri ilə aqressiv danışır. Amma siz vegeterian cəmiyyəti ilə tanış olsanız görərsiniz ki, onlar necə yaşayırlar. Aqressiyadan uzaq, deyib-gülərək..."



Vegeterianlıq deyəndə ağla gələn ilk şey dietik yeməklər, qaynadılmış ərzaqlar olur. Lakin sən demə, qətiyyən belə deyil. Burada kalori tutumu kifayət qədər çox olan yeməklər, yağda bişirilmiş xörəklər, min dərdə dərman olan şorbalar var: "Vegeterianlar içərisində kök adamlar da olur. Sizə vegeterian göstərərik ki, 100 kilodan çox çəkisi var. Veqeterianlıqda dietik yeməklər də var, lakin rejimə əməl etmək lazımdır. Veqanlar da hər kəs kimi gündə 3 dəfə yemək yeyirlər. İnsanlar vegeterianlıq deyəndə niyə təəccüblənirlər, bilmirəm.

Lakin bir şeyi deyim. Hər yeməyin öz vaxtı var. Günəşin zenitdə olduğu vaxt bizim həzm orqanlarımız aktiv olur. Məhz bu vaxt yemək məsləhətdir. Ən ağır yeməkləri günortaya salmaq lazımdır. Şam yeməyindən sonra 21:00-a kimi meyvə-tərəvəz qəbulu olmalıdır. Ondan sonra acmısınızsa, süd içmək məsləhət görülür".


Bəs insanlarda veqan olsam ac qalacağam fikrini məhv etmək üçün nə etməli?


Nəhayət sifarişlərim süfrəyə gəlir. Yağda qızardılmış balıq, tərəvəz qovurması və şorba.



Balığın dadına baxıram və yenə də təəccübümü gizlədə bilmirəm. Bu adi balıqdır. Bəs necə vegeterian yeməyi olur?

"Bu, balıq deyil, xüsusi pendirdən və yosunlardan hazırlanıb və tam olaraq balıq dadı verir. Biz bir Ramazan bayramında iftar süfrəsi açmışdıq. Hər kəs iftarını bitirəndən sonra soruşdu ki, bəs bu hansı balıqdır, yeməklərə hansı ət vurulub? Yeməklərin heç birində ət olmadığını öyrənəndə isə şoka düşdülər. Onlar yedikləri xörəklərdə ət olmadığını heç başa düşməmişdilər də..."

Şam yeməyimi yedim - şorba içdim, tərəvəz qovurmasının dadına baxdım, vegeteriansayağı balığımı və salatımı yedim. Düzdür, hər birindən az-az yemişdim, lakin axşamdan xeyli keçməsinə baxmayaraq, nə mədəmdə ağırlıq hiss etdim, nə də hər hansı narahatlıq keçirdim.

Ülfət bəy bildirdi ki, bundan əvvəl eyni ad altında Rusiyanın bir neçə nöqtəsində restoran işlədib. Rada&K-nın Azərbaycandakı françayzeri də məhz Ülfət bəydir. Onlar vegeterianlığın Azərbaycanda yayılması üçün restoranda yığıncaqlar keçirməyi planlaşdırırlar. Restoranı açmaqda da məqsəd insanları həm sağlamlığa səsləmək, həm də vegeterian cəmiyyəti yaratmaqdır.

Restorandan çıxanda elə daxil olanda gözümə sataşan o balaca oğlanı gördüm. Uşaq kimsəsizdir və soyuqda qalmağa yeri yoxdur. Rada&K açılandan sonra isə o, özünə burada bir qarın yemək və bir isti bucaq tapıb. Restoran işçiləri onu yedirir, içirir və gün ərzində soyuqda qalmamasını təmin edirlər.

Nigar