Şamaxı Rəsədxanasından QİYAMƏT açıqlaması

1 Noyabr 2012 13:53 (UTC+04:00)


"Dekabrın 21-22-də guya qiyamətin baş verəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bu günlər adi günlərdən biri olacaq". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, elmdə "Planetlərin paradı" adlandırılan konfiqurasiya sonuncu dəfə 1982-ci ildə baş verib. O zaman 8 planet, o cümlədən də Pluton 90 dərəcəlik sektorda toplaşıb: "Belə bir mənzərə 179 ildən baş verir. Bu ilin dekabrında görünəcək konfiqurasiya "Planetlərin paradı" deyil. Sadəcə olaraq bir neçə planet bir yerə yığışacaq. "Planetlərin paradı" isə bir daha 2161-ci ildə olacaq".

Ə. Quliyev deyib ki, son 4,6 milyard il ərzində planetlər heç vaxt bir xətt üzərinə yığılmayıb və yığıla da bilməzlər: "Ona görə də bu məsələdə çoxlu sayda elm ətrafı söhbətlər gedir. Bu il dekabrında bir neçə planetin bir istiqamətdə paralel toplanması Yer üçün heç bir təhlükə vəd eləmir. Sadəcə olaraq qədim Mayya təqvimlərində guya 2012-ci ilin dekabrında Yer üçün hansısa dövrün başa çatmasına dair məlumatlar yazılıb. Lakin bu məlumatların hamısı boşdur. Həmin günlər heç bir hadisə baş verməyəcək".

Ə. Quliyev son zamanlar dünyada təbi fəlakətlərin, o cümlədən ABŞ-dakı "Sendi" qasırğasının dekabrda gözlənilən təbiət hadisəsi ilə əlaqəsinin olmadığını və bunun Yerdə baş verən meteoroloji proseslərin nəticəsi olduğunu deyib.

AzNews.az