Aşıq Mirzə Bilal - 140

2 Noyabr 2012 06:03 (UTC+04:00)
Noyabrın 1-də Şamaxı şəhərində Mədəniyyət və Turizin Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın anadan olmasının 140 illiyinə həsr edilmiş təntənəli mərasim keçirildi.

Tədbirdə Şamaxı rayon ictimaiyyətinin nümayəndələri ilə nazirliyinin şöbə müdiri Fikrət Babayev, Rəşad Əliyev, Bakıdan gəlmiş folklorşünaslar, mədəniyyət və incəsənət işçiləri də iştirak edirdilər.

Professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçən tədbirdə çıxış edənlərdən filologiya elmləri doktorları Qəzənfər Paşayev və Seyfəddin Qəniyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının müavinin Əşrəf Şükürov, folklorşünas alim Qalib Sailov və Bakıda öz evində aşıq muzeyi yaratmış Hüseyn Hacı Qulu oğlu Aşıq Mirzə Bilalın həyat və yaradıcılığından danışdılar.

Aşıq Mirzə Bilalın sözləri yubiley tədbirində çıxış edən Xalq artisti Mələkxanım Əyyubova, Əvəzxan Xankişiyev, aşıqlardan Ağamurad Şirvanlı, Əli Tapdıqoğlu, Yanvar Bədəlov, Abbas Musaxanlı, Vüqar Mahmudoğlu, Məhəmməd Şirvanlı, Elman İsmayıllı və İslam Rzaoğlunun ifalarında bir daha könülləri oxşadı. Gənclərdən ibarət "Misri" Aşıqlar Qrupunun çıxışı da rəğbətlə qarşılandı.

Sonda Aşıq Bilalın oğlu, 90 yaşlı Şəfi Mikayılov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya və tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirdi.

Bahar Rüstəmli
AzNews.az