Mübariz Qurbanlı: “Yüz dəfə demişik, yüz birinci dəfə də deyirik”

2 Noyabr 2012 07:43 (UTC+04:00)
"Müxalifətin Milli Məclis qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq". Bunu AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palatanın noyabrın 2-də saat 12:00-da Milli Məclisin binası qarşısında planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.

YAP-çı millət vəkili bildirib ki, Azərbaycanda qanunu pozaraq qarşıdurma yaratmaq müxalifətin adətinə çevrilib: "Yüz dəfə demişik və yüz birinci dəfə də deyirik ki, bütün siyasi aksiyalar qanun çərçivəsində keçirilməlidir. Bütün aksiya və bu kimi tədbirlər "Sərbəst toplaşma azadlığı haqqında" qanunla tənzimlənir. Müxalifət başa düşməlidir ki, istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq".

M.Qurbanlı deyib ki, qeyri-qanuni aksiyalara və qanun pozuntusuna cəhdlər bütövlükdə dövlətin əsaslarına zərbə vuran hallardır: "Bu cür hallara yol vermək olmaz. Qanun hamı üçün eynidir və alidir".

Xatırladaq ki, bu gün Milli Məclis "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini müzakirə edəcək. Layihə hakimiyyətin razılıq vermədiyi aksiyalara görə sanksiyaların sərtləşdirilməsini, cərimələrin dəfələrlə artırılmasını nəzərdə tutur.

İctimai Palata dəyişiklikləri qəbuledilməz sayır və buna etiraz olaraq noyabrın 2-də Milli Məclisin qarşısında piket keçirmək haqda qərar verib. Aksiyada "Sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya yox deyirik!", "Aksiya keçirmək bizim haqqımızdır" və başqa şüarlar səsləndirmək nəzərdə tutulub.
Bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti sözügedən piketə icazə verməyib.

Vasif Həsənli
AzNews.az