Bir ailənin minimum xərcləri hesablandı - 550 manat

1 Yanvar 2016 22:31 (UTC+04:00)

İqtisadçı Rövşən Ağayev 4 nəfərdən ibarət ailənin minimum yaşayış xərclərini hesablayıb.

İki məktəbyaşlı uşaqdan, ata və anadan ibarət tipk ailə ay ərzində:

1) 40 kq çörək və un məmulatları (vermişel, makaron və s.) istehlak etməlidir – indiki qiymətlərlə təxminən 32 manat

2) 70 kq kartof istehlak etməlidir – indiki qiymətlərlə təxminən 85 manat


3) 35 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 25 manat

4) 55 kq meyvə və giləmeyvə istehlak etməlidir – indiki qiymətlərlə təxminən 70 manat

5) 12 kq ət və ət məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 75 manat

6) 80 kq süd və süd məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 50 manat

7) 3 kq balıq istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat

8) 60 ədəd yumurta istehlak etməlidir – indiki qiymətlərlə təxminən 15 manat

9) 6 kq şəkər və qənnadı məmulatlar istehlak etməlidir – indiki qiymətlərlə təxminən 8-9 manat

10) 3 kq bitki yağları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 12 manat

11) 2.5 kq kərə yağı istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat

12) Çay və duz kimi digər ərzaq məhsulları – indiki qiymətlərlə təxminən ayda 5-6 manat

13) 40 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 12 manat

14) 200 kVt/s elektrik enerjisi istehlak etmlədir – 12 manat 15) 185 nəqliyyat gedişindən istifadə etməlidir – 37 manat

16) 84 kub qaz istehlak etməlidir – 8.4 manat

17) Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 13.2 manat ödəməlidir

18) Mənzilin qızdırılması üçün vəsait ödəməlidir. Qanunvericilik bunun üçün minimum yolverilən məbləğ nəzərdə tutmur. Amma təcrübə göstərir ki, ailədə 1 nəfər üçün aylıq xərc 7-8 manatdan az deyil. Bu isə təxminən ayda bir ailə üçün 28-30 manatdır

19) Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə yuxarıda göstərilən xidmətlərə aylıq xərcin 15%-i də bu xidmətlər üçün nəzərdə tutulmalıdı.

Bu isə təxminən 17 manat edir. Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 420 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir – yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 550 manat. Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimum haqqında qanunu əsas götürsək, 2 məktəb yaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir. İndi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əmək haqqı səviyyəsində maaş alırlar - yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 340 manat bu ailə haradan almalıdır?

Amma unutmayaq ki, qüvvədə olan yaşayış minimumu təkcə 2 səbətdən - ərzaq və xidmətlər səbətindən ibarət deyil. 3-cü səbət də var – qeyri-ərzaq səbəti.

Bura geyim və ayaqqabı, yataq ləvazimatları, məktəb əşyaları, məişətdə istifadə edilən ən zəruri əşyalar da daxildir. Bu səbətin də minimum dəyərini hökumət müəyyən ertmir. Amma yaşayış minimumu heç ən zəruri ərzaq və xidmətlərin minimum normativlərlə istehlak üçün yetərli deyil – o ki, qala geyim və məişət əşyalarının alınması üçün. Yəni sənin 1 kq ət almağa pulun ola bilər, amma həmin əti bişirmək üçün qazanın yoxdursa yenə yoxsul sayılırsan. Ya da qazanın və ətin var, amma yandırmağa qazın və ətə tökməyə suyun yoxdursa minimum zəruri tələbatı ödənməyən yoxsul sayılırsan.

Hələ bir faktın üzərindən sükutla keçdim ki, bizdə minimum rəsmi ərzaq normativləri nəinki inkişaf etmiş ölkələrdən, hətta Rusiya və Qazaxıstandan da aşağıdır.

Modern.az