Zavoddakı partlayışda ölən və yaralıların adları açıqlandı - Yeniləndi

4 Yanvar 2016 15:30 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, "Azəryem Sənaye" MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerində keçinib.

Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

***
13:04

Balakən rayonunda zavodda partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC"-yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.

Əlavə məlumat veriləcək.