Gəncədə Cavad xanın ölümünün 212-ci ildönümü - FOTO

4 Yanvar 2016 17:54 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bununla əlaqədar Gəncədə ənənəvi anım mərasimi keçirilib. Cavad xanın məqbərəsi önünə toplaşan şəhər sakinləri igid sərkərdənin məzarı üstünə gül dəstələri qoyub.

Mərasim iştirakçıları bidiriblər ki, Cavad xanın tarixi şəxsiyyət kimi yaddaşlarda qalmasının bir səbəbi də bu insanın dövlətçilik atributlarını yaratması və onu yaşatmasıdır. Cavad xan təkcə qəhrəmanlıq simvolu olmayıb, dövlətçilik ənənələrinə sadiqliyi ilə də yadda qalıb. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan Rus İmperiyasının generalı Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan çox qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına şəhid olub. Tarixi şəxsiyyətin 1804-cü ilin yanvarında Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı son döyüşü və ölümü ilə bağlı xatirə mərasimi ümumxalq qəhrəmanlıq günü kimi qeyd edilib.

AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev bildirib ki, 1804-cü ildə general Sisianovun başçılığı ilə Gəncə quberniyasına basqın olub: "Sisianov Cavad xanla birgə onun övladlarını, ailə üzvlərini qətlə yetirib. Onlar dayandığımız yerdə - Şah Abbas məscidində torpağa tapşırılıb. Gəncəlilər həmin dövrdən bəri bu qəbri qoruyub saxlayıb. Müxtəlif dövrlərdə Səbzikar qəbristanlığında, sonradan burada, Gəncənin bayrağına bükülərək gördüyünüz bu mavzoleydə dəfn olunub".