Televiziyalarda ixtisarlar başlayır? - Ekspert şərhi

4 Yanvar 2016 21:50 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında televiziya eksperti, tanınmış jurnalist Qulu Məhərrəmli ANS televiziyasındakı ixtisarları şərh edərkən deyib. Onun sözlərinə görə, özəl televiziyalarda münasibətləri reklam bazarı həll edir: "Maliyyə resursları zəngin olanda televiziyaların probemi olmur. Reklam bazarında problem yarananda, ehtiyatlar tükənəndə müəyyən çətinliklər ortaya çıxır. ANS dinamik televiziyalardandır, fərqli yayım siyasəti nümayiş etdirir. ANS ümumiyyətlə, cəmiyyətə fərqli mesajlar verən televiziyadır. İstəlinən vəziyyətdə davranışları da fərqlənir".

Ekspert qeyd edib ki, ANS televiziyasının indiki vəziyyətdə bu cür addımlar atmasının səbəbləri cəmiyyətə müəyyən qədər məlumdur: "Kifayət qədər cərimələri, qaydaya düşməyən konfliktləri var. Görünür maliyyə məsələləri ilə bağlı problemlər var. Ona görə də bu ixtisarlara və kadr dəyişikliklərinə yer verib. Ümumiyyətlə, bu ixtisarlara, kadr dəyişikliyinə normal baxmaq lazımdır. Televiziya canlı orqanizmdir. Bu belə getməlidir ki, televiziya öz axını istiqamətində getsin".

Q.Məhərrəmli başqa televiziyalarda ixtisarların olmayacağını düşünür: "Bu dəqiqə başqa televiziyalarda ixtisar üçün ciddi əsas yoxdur. Ola bilər ki, 5 aydan sonra hansısa televiziya kadr məsələsinə yenidən baxsın".

Q.Məhərrəmli onu da bildirib ki, dövlət televiziyalarının elə bir problemi yoxdur: "Çünki dövlət onlara lazımı qədər maliyyə ayırır".

Qeyd edək ki, ANS televiziyasından maliyyə problem yarandığından ixtisarlar olunub. ANS kanalı bir neçə tanınmış sima ilə yollarını ayırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az