Tanınmış tərcüməçinin kitabı çıxdı – “Bunu tərcümədən yorulanda yazdım”

5 Yanvar 2016 13:40 (UTC+04:00)

Oxucuların əsasən bir çox dünya şöhrətli yazıçıların iri həcmli əsərlərinin tərcüməçisi kimi tanıdığı müəllif onların qarşısına ilk dəfə son illərdə qələmə aldığı povest və hekayələri, memuarlarıyla çıxıb. Kitaba yazıçının "Mona Lizanın təbəssümü" və "İştə Möhöbbət macərası" adlı povestləri, müxtəlif vaxtlarda yazdığı 9 hekayəsi, "Pioner düşərgəsində" memuarı və "Buzlu sahillər" memuar romanı daxildir.

Yazıçı AzNews.az-a açıqlamasında bildirib ki, çoxları onu Hamsunu, Kortasarı, Saramaqonu, Fitsceraldı, Dostoyevskini, Nabokovu, Vulfu, Marten Pajı, Daniel Keyesi və bir çox başqalarını oxuculara ana dilində təqdim edən tərcüməçi kimi tanıyır. "Bəlkə də, dünya ədəbiyyatının nəhənglərini oxuyarkən bu əsərləri kimin çevirdiyi çoxunuzu heç maraqlandırmadı. Bəziləriniz heç bu haqda düşünmədi də, elə bildi ki, bu əsərlər elə doğma dilimizdə yazılıb. Bu, çox təbiidir, çünki bar son nəticə olduğuna görə, insan üçün həmişə onu yetişdirən ağacdan, sudan, günəşdən, gübrədən öndədir. Həm də ona görə ki, bütün bunlar ortaya çıxan nəticənin, məhsulun, barın içindədir. Kitab da belədir. Onu yazan, tərcümə və redaktə edən, başqa zəhmətlərinə qatlaşan kim olursa-olsun, bizim üçün önəmli olan mətnin dəyəri, keyfiyyəti, dadı-duzu, şirinliyi-acılığı, quru və ya təsirli, mənalı, yaxud bayağı olmasıdır. Oxuduğumuz mətn xoşumuza gəlirsə, onun müəllifinin, bəzən tərcüməçisinin kimliyinə təkrarən, minnətdarlıq hissiylə baxırıq. Ürəyimizə yatmayanda onu dadsız yemək kimi yarıda saxlayır və yenə müəllifinə baxırıq. Ancaq bu dəfə narazı halda, bu dadsız-duzsuz horranı bizə sırıyanı məzəmmət edərək. Bu kitabdakı mətnləri tərcümədən yorulanda yazdım. Bu dəfə qarşınıza ilk dəfə yazıçı kimi çıxmağa cəsarət etdim. Kitabın sizləri düşündürməsini, əyləndirməsini, başlıcası isə yormamasını arzu edirəm. Oxuyandan sonra məmnun qalmanızı istərdim", -deyə yazıçı kitabının ön sözündə oxuculara müraciət edir.

Bahar
AzNews.az