MTN-nin idarə rəisi: “Azərbaycanda kiber cinayət cəhdləri artıb” - EKSKLÜZİV

2 Noyabr 2012 09:48 (UTC+04:00)


"Son illər Azərbaycanda kiber cinayətləri törətməyə cəhdlərinin sayı artıb". Bunu AzNews.az-a eksklüziv açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İnformasiya Təhlükəsizliyi İdarəsinin rəisi Kərim Kərimov bildirib.

Onun sözlərinə görə, bu cəhdlərin əksəriyyətini kənardan kompüterlərə qanunsuz daxil olmalar təşkil edir. MTN-nin idarə rəisi həmçinin qeyd edib ki, son illər Azərbaycanda kiber cinayət hallarının sayı azalıb.

Azərbaycanda kiber cinayətkarlığına qarşı mübarizə tədbirlərinin kifayət qədər geniş aparıldığını vurğulayan K.Kərimov deyib: "Bilirsiz ki, "Kibercinayətkarlıq haqqında" Konvensiya mövcuddur və dünya dövlətləri, o cümlədən ölkəmiz bu sənədə qoşulmağa başlayıblar. Azərbaycanda Cinayət və Cinayət Prosessual məcəllələri də həmin Konvensiyadan irəli gələn tövsiyələrə uyğunlaşdırılır".

MTN rəsmisi bəyan edib ki, Azərbaycanda bu sahədə kifayət qədər cinayət halları baş versə də, onların qarşısının alınması istiqamətində də əhəmiyyətlə işlər görülür: "Bu sahə dünyada yeni olduğu üçün burada daim yeniliklər də baş verir. Kiber cinayətkarlığı ilə mübarizə məsələsi yaxın günlərdə Bakıda keçiriləcək beynəlxalq internet forumunda da müzakirə olunacaq".

Vasif Həsənli
AzNews.az