Ər arvadın başını kəsdi - Azərbaycanda

6 Yanvar 2016 11:27 (UTC+04:00)

Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Bala Bəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Gəncəvi Zöhrab oğlu Sadıqov şəxsi mənzilində, aralarında yaranan mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsalə Hidayət qızı Əsədovanın boğazını kəsib.

31 yaşlı qadın aldığı bıçaq yaralarından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ailənin iki azyaşlı övladının gözü qarşsında baş verib.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Füzili Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Bu son bir gündə qadınlara qarşı ikinci belə hadisədir. Gecə saatlarında da Bakıda 35 yaşlı kişi həyat yoldaşını və onun iki ailə üzvünü bıçaqlayıb. Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan 1980-ci il təvəllüdlü İlham Zakir oğlu Qurbanov səbəbi istintaqla hələlik müəyyən edilməyən səbəbdən həyat yoldaşı 1985-ci il təvəllüdlü Mədinə Ramiz qızı Qurbanovanı, qayınanası 1961-ci il təvəllüdlü Çimnaz Məşədibaba qızı Əliyevanı və baldızı, 1986-ci il təvəllüdlü Aynurə Ramiz qızı Əliyevanı çoxsaylı bıçaq zərbələri endirərək bıçaqlayıb.

Hər üç yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

ANS PRESS.az