“Mənim saxlanılmağımda “Kəpənək Zaur”un əli var” - AÇIQLAMA

2 Noyabr 2012 11:30 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi əməkdaşlarının Rusiya Federasiyası DİN-nin Sankt-Peterburq Şəhər Baş Polis İdarəsinin əməkdaşı, azərbaycanlı polkovnik-leytenant Azər Əliyevin qanunsuz olaraq hava limanında saxlanılaraq BMCMİ-nə aparılması barədə məlumat vermişdik. Eyni zamanda onu da bildirmişdik ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin işə qarışması ilə Azər Əliyev sərbəst buraxılıb.


Azər Əliyevin eksklüziv olaraq AzNews.az-a verdiyi məlumata görə, dindirilmə prosesində Daxili İşlər Nazirliyinin Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Əməliyyat şöbəsinin rəisi Vüqar Ələkbərov və general Mirqafaq Seyidov iştirak edib.

"Mən həm Vuqar Ələkbərovu, eyni zamanda general Mirqafar Seyidovu qiyabi tanıyıram. Ona bildirdim ki, siz məni dəvət etmiş olsaydınız özüm gələrdim. Amma məni hava limanından təyyarədən saxlayıb gətirməniz yaxşı hal olmadı. Sonda da etdikləri hərəkətlə bağlı DİN-i adından məndən üzr istənildi və sərbəst buraxıldım"-deyən Azər Əliyev hazırda Sank-Peterburq şəhərində olduğunu da qeyd etdi. A. Əliyev eyni zamanda bildirdi ki, onun Bakıda bu şəkildə saxlanılması Sank-Peterburqda yaşayan soydaşlarımızı narahat edib və onlar Mirqafar Seyidovun belə bir addımını qınayıblar.

"Mən bura qayıdanda artıq həm Rusiya Federasiyası DİN-nin, eyni zamanda Sankt-Peterburq Şəhər Baş Polis İdarəsinin Azərbaycanın DİN-nə sorğu verdiyini öyrəndim. Bildirdilər ki, Azərbaycan tərəf belə bir hadisənin baş vermədiyini bildirib. Görünür mənim saxlanılmağım rəsmi qaydada sənədləşməyib". A.Əliyev onu da bildirdi ki, o, Azərbaycanda üzləşdiyi belə bir addımın səbəbini də araşdıra bilib. O, daha çox bu hadisədə "milyarder Zaur" kimi tanınan, digər ləqəbi "kəpənək Zaur" olan Zaur İmamqulu oğlu Tarverdiyevin əlinin olduğunu öyrənib: " "Kəpənək Zaur"un mənə borcu var və o, kimdən borc alırsa, qaytarmaq əvəzinə müxtəlif oyunlara əl atır. Çox təssüflər olsun ki, mən də başqa soydaşlarımız kimi həmyerli bilib ona borc vermişdim. Amma bu adam görünür borcunu qaytarmaq əvəzinə bu tip addımlar atır. Bundan başqa eşitdim ki, "Kəpənək" mənim saxlanılmağımla bağlı 500 min dollar xərc çəkdiyini oturub-durduğu adamlara deyib. Yəni, bu onu göstərir ki, mənim saxlanılmağımda "Kəpənək-Zaur"un əli olub".

Kənan
AzNews.az