Səudiyyə neft müharibəsinə hazırlaşır - Dünya fəlakətə gedir?

6 Yanvar 2016 20:47 (UTC+04:00)

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, "Aramco" Aralıq dənizi ölkələri üçün diskont tətbiq edib və bu ölkələrə satdığı neftin qiymətinə şamil etdiyi güzəşti 0,2 dollar artırıb.

Beləliklə, "Aramco" Şimali-Qərbi Avropa ölkələri üçün neftin qiymətinə tətbiq etdiyi güzəşti 1 dollar/barrelə çatdırıb. Şirkət əvvəl bu ölklərə satdığı neftin hər bir barrelinə 0,4 dollar diskont tətbiq edirdi. "Aramco" Amerika Birləşmiş Ştatlarına satdığı neftin qiymətinə tətbiq etdiyi güzəşti isə dəyişməyib - barrel üzrə 2 dollar saxlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Səudiyyə bu addımı İranın Avropa neft bazarına girməsinə əngəl olmaq üçün atıb. "İranla Səudiyyə arasında diplomatik münaqişə başlayanda, hər kəs bunun nefti bahalaşdıracağını düşünürdü. Amma göründüyü kimi, münaqişə tam əks effekt verdi və Səudiyyə nefti ucuzlaşdırmağa başladı",- deyə İlham Şaban vurğulayıb.

Beləliklə, İranın Avropa neft bazarına girmək üçün son beş ayda səbirsizliklə nümayiş etdirdiyi ümidlər özünü doğrultmadı. Tehranın bu bazara girməsinə yeni əngəllər yarandı.

Qərbin sanksiyalarına qədər, İranın gündəlik neft hasilatı sutkada 4,2 milyon barrel təşkil edirdi. Həmin neftin 2,5 milyon barreli ixrac edilirdi. Sanksiyalar tətbiq ediləndən sonra İranın xaricə göndərdiyi neft 1,1 milyon barrel azaldı. İran yalnız Asiya-Sakit okeanı regionuna neft göndərə bildi. Qərb bazarları isə əlindən çıxdı.

İranın tərk etdiyi bazarlara isə Səudiyyə Ərəbistanı daxil olub. Məsələn, sanksiyaların tətbiq edildiyi 2012-ci ilə kimi bu ölkədən neftin 13%-ni İtaliya və 16%-ni İspaniya aparırdı. Sanksiyalardan sonra bu ölkələrin bazarı Səudiyyə Ərəbistanının və Rusiyanın nəzarətinə keçdi. Amma İran yenidən Avropa bazarına qayıtmaq ümidindədir.

İlham Şabanın fikrincə, İran sanksiyaların tətbiq edildiyi 2012-2015-ci illərdə sata bilmədiyi neftə görə 350 milyard dollar itirib: "İranın bu itkilərinin gücü vur-tut 1200 meqavatt olan atom elektrik stansiyaya görə Rusiya ilə başladığı əməkdaşlıq üzündən yarandı. Suriya məsələsində Bəşər Əsədi dəstəkləməyi də bu məsələdə az rol oynamır. Tehran Səudiyyə Ərəbistanında iğtişaşlar yaratmaqla neftin qiymətini qaldırmaq istəsə də, tərs effekt alındı və Ər-Riyadın son addımları neftin qiymətini daha da ucuzlaşdırmağa xidmət edir".

Anspress.com