Əmanətlər ciddi təhlükədədir - Bankların ehtiyati azalır

7 Yanvar 2016 21:30 (UTC+04:00)

Bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov öz feysbuk səhifəsində yazıb.

Belə ki, bundan sonra qeyri-qənaətbəxş kreditlər (yəni ödənişi 180 günədək gecikdirilən) üzrə 30% əvəzinə 25%, təhlükəli kreditlər (yəni ödənişi 270 günədək gecikdirilən) üzrə 60% əvəzinə 50% ehtiyat yaradılacaq. Məsələn, tutaq ki, bank cəmi 300 mln. manat kredit verib. Onun 100 mln. manatının qaytarılması 180 günədək, 100 mln. manatının qaytarılması isə 270 günədək borclular tərəfindən gecikdirilir. İndiyədək bank bu halda 90 mln. (30+60) manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 75 mln. (25+50) manat ehtiyat yaradacaq.

Onu da xatırladım ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən Qaydalara artıq iki dəfə (ötən ilin 7 mart və 9 oktyabr tarixlərində) dəyişiklik etmişdi. Həmin dəyişikliklər də banklara kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı yaratmışdı. Görünən odur ki, həmin tədbirlər kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 2015-ci ilin nəticələri üzrə hesabatları (bu günlərdə açıqlanmalı olan!) əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. İndi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının nisbətən qənəatbəxş olduğunu nümayiş etməyə çalışacaqlar.

Bir sözlə, Mərkəzi Bank bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin. Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun! Onu da unutmayın ki, bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, bir neçə bank tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur, həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyanın ikinci dalğasından sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur…

P.S. 29 dekabrda "Mərkəzi Bankın kommersiya banklarına gözlənilən növbəti və sonu görünməyən güzəştləri (bankların kapitalı əriyir, bank nəzarəti zəifləyir; əmanətçilər daha da ehtiyatlı olsunlar!)" adlı məqaləmdə Mərkəzi Bankın banklara güzəştlərinin davam edəcəyi barədə yazmışdım. Budur: kapital adekvatlığl və leverec əmsalının ardınca ehtiyat məsələsində də güzəşt edildi. Orada yazdlıqlarımı təkrarlamaq istəmirəm. Maraqlananlar oxuya bilər. Qısaca yalnız bunu deyirəm: Mərkəzi Bankın bank nəzarəti funksiyası tədricən heçə enir, banklar başlı-başına buraxılır, bu isə ilk növbədə əmanətçilər üçün çox ciddi təhlükədir...


Modern.az