İlin tələbəsi: “Kəndimizdə müəllim yox idi, şagirdlər piyada rayona gedirdi”

8 Yanvar 2016 10:44 (UTC+04:00)

Q.Mahmudov 1996-ci ilin aprelin 5-də Yardımlı rayonun Zenqaran kəndində anadan olub. Orta məktəbi də elə kənddə bitirib. Qeyrət həm kənddəki, həm də universitetdəki təhsil səviyyəsindən narazıdır. İlin tələbəsi AzNews.az-ın əməkdaşı ilə söhbətində öz narazılığını dilə gətirib.

-Kənddə ibtidai sinifdə tədris çox zəifdir. Ümumiyyətlə, kənd məktəbində xarici dil keçilmirdi. Rus dili isə 5-ci sinifdən sonra tədris olunurdu. Kənd məktəblərində ingilis dili tədris olunmadığı üçün şagirdlər rayona hazırlığa getməli olurlar. Bu da əlavə vaxt itkisi və vəsait deməkdir.

4 il Zenqaran kənd orta məktəbində oxuduqdan sonra İlqar Şəkərov adına Hamarkənd kənd orta məktəbində təhsilimi davam etdirmişəm. Həmin kənd məktəbində də ingilis dili keçirilmirdi. Digər fənlərin tədrisi də zəif idi. Bütün bunlara baxmayaraq oxuyurdum.

6-ci sinifdə Lənkəranda yerləşən türk liseyinə imtahan verib birinci yeri tutdum. Birinci il üçün liseyə vəsait ödənilsə də, orada oxumaqdan imtina etdim. Ondan sonra yenidən Hamarkəndə geri qayıtdım.

Təhsil səviyyəsinin aşağı olmasına rəğmən, Respublika və rayon olimpiadalarında riyaziyyat fənni üzrə birinci olmuşam. Həmçinin 9-cu sinifdə sınaqlara gedib 11-ci sinif üzrə 500 bal yığırdım. Qəbul imtahanında isə 627 bal topladım və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika ixtisasını seçdim.

- Niyə liseydə oxumaqdan imtina etdin? Orada təhsil kənddən daha yüksək olmalıdır axı…

- Həm darıxdım, həm də müəyyən problemlər oldu. Birinci ilin ödənişini qohumlardan bir nəfər vermişdi. İkinci ilin necə ödəniləcəyi məni xeyli narahat edirdi. Həm də oranın sistemi tamam fərqli idi. Cəmi 10 gün qaldım orada. Uyğunlaşa bilmədim. Geri qayıtdığım zaman atama söz verdim ki, kənddə olsa belə yaxşı oxuyacağam.

- Kənd məktəblərində müəllimlərin səviyyəsi necədir?

- Çox aşağıdır. Kənddə müəllimlər öz üzərilərində işləmirlər. Çünki təhsil tələb edən şagirdlərin sayı barmaqla sayılacaq qədərdir. Bu səbəbdən müəllimlərin çox qismi zəif olur. Şagirdlər də məcbur olub hazırlıqlara gedir.

- Gənc müəllimlərdən kəndə gəlib dərs deyənlər varmı?

- Şəhərə gedənlər daha çox gəlməməyə üstünlük verirlər. Gələnlər isə məktəbin ab-havasına öyrəşirlər. Bu səbəbdən məktəbdə hər hansı bir irəliləyiş olmur.

Məktəbdə oxumaq istəyən şagirdlər var. Amma onlar üçün şərait yoxdur. Bakıda və böyük rayonlarda olan şəraitlə Yardımlıdakı şərait eyni deyil. Hətta Yardımlının mərkəzindəki məktəblərdə belə vəziyyət yaxşı deyil. Amma yenə də kənd uşaqlarının ümidi rayon mərkəzindəki məktəblərədir. Ali məktəblərə qəbul olmaq istəyənlərin böyük əksəriyyəti rayon məktəblərində təşkil olunan kurslara, repititorların yanına gedirlər. Gündüz vaxt kənd yollarından keçsəz, əlində kitab, yol alıb gedən şagirdlər görərsiniz. Özü də kəndlə rayon arasında nəqliyyat sistemi olmadığına görə, həm də əksəriyyətin kasıblığına görə şagirdlər rayona piyada gəl-get edirlər. İsti, sərt soyuq bilmədən nəsə öyrənmək ümidiylə kilometrlərlə yol qət edirlər. Bəziləri bu əziyyətləri müqabilindı uğur qazana bilir, bəzilərisə yox...




- Sinif yoldaşlarından kimlərsə universitetə qəbul olunub?

- Üç oğlan və bir qız olmaqla cəmi 4 nəfər ali məktəbə qəbul olduq.

- Rayon məktəblərində qızların təhsili məsələsi nə yerdədir?

- Əslində getdikcə yaxşılaşır. Mən imtahan verdiyim il Hamarkənd məktəbində ilk dəfə bir qız ali məktəbə qəbul oldu. Amma bizim dövrümüzdən fərqli olaraq hazırda vəziyyət yaxşılaşıb.

Ümumiyyətlə, hər şey valideyndən asılıdır. Valideynlər də qızlarının təhsilli olmasında maraqlı deyillər. Onlar qızların oxumağını əlavə problem hesab edirlər. Bu da savadsızlığa gətirib çıxarır.

- Bəs universitetdə təhsil necə, ondan razısan?

- Xeyr, orada da zəifdir. Məsələn mən ingilis dilini yüksək səviyyədə öyrənmək üçün hazırlığa getməli oldum. İxtisasım informatika fənni və proqnozlaşdırmadır, lakin bunun da tədrisi ürəkaçan səviyyədə deyil. Təsəvvür edin, mən öz ixtisasımı yaxşı öyrənmək üçün əlavə kurslara pul xərcləməliyəm.

-Qrup yoldaşlarından sənin kimi ixtisas kurslarına gedənlər varmı?

- Quru diplom yox, savad əldə etmək istəyənlər gedir. Universitetdə hüquq, tarix kimi humanitar fənnlər yüksək səviyyədə keçirilir. Amma texniki ixtisaslardan mütləq şəkildə kurslara getmək lazımdır. Kurslara getməyənlərin isə əsas məqsədi diplom almaqdır.

- İxtisasınla bağlı getdiyin kurslarda əlavə olaraq nələr keçirilir?

- Universitetdə keçilməyənlər kurslarda tədris olunur. Bizə lazım olan proqramlaşdırma dilləri yalnız kurslarda keçirilir. Biz kurslarda təcrübə yığırıq. Universitetdə kurslardakı kimi işləsək, ən azından nəsə əldə edə bilərik. Kurslarda kompüterdə işləyib proqram qururuq, kod işləyib hazırlayırıq. Amma universitetdə müəllim gəlib mühazirə oxuyur. Elə proqramlar var ki, onu müəllimlərin özləri belə bilmir.

- Proqramlaşdırma sahəsi dünyada çox geniş yayılıb. Bu sahə ilə milyonçu olanlar da var. Ağlında bu sahə ilə bağlı istər Azərbaycan, istərsə də dünya miqyaslı hansısa layihələr varmı?

- Bu savaddan asılıdır. Savadlı olduqdan sonra istənilən hər şeyi etmək mümkündür. Lakin vaxt darlığından əziyyət çəkirəm. Universitetdəki dərslərdən əlavə həm ingilis, həm də proqramlaşdırma üzrə kurslara gedirəm. Həmçinin əlaçı olmaq üçün digər fənnləri də oxuyuram. Bu da vaxt azlığına səbəb olur. Hazırda əsas işim ixitisasımla bağlı yalnız yeni məlumatlar öyrənməkdir. Çünki bu, çox dərin elmdir. Ona görə də hələ ki, elə bir layihəm yoxdur. Amma kursu bitirdikdən sonra "Kod Acedemy" şirkətində işləmək istəyirəm. Yaxşı proqramçı olandan sonra iş tapmaq çətin deyil. Həmçinin haradasa işləməsəm belə özüm belə adi bir proqram yığıb sata bilərəm. İndi elə bir dövrdür ki. işə yalnız savadlı kadrlar cəlb edirlər. Şirkətlər onlara xeyir verə biləcək kadrlar istəyir. Bizdən fərqli olaraq xaricdə bu sahə daha genişdir. Amma hələ ki, mən bu cür geniş şəkildə işləməyi fikirləşmirəm. Hazırda əsas istəyim bu sahə ilə bağlı yeni nələrsə öyrənməkdir. İstəyirəm ki, proqramlaşdırma ilə bağlı yeni bilgilər əldə edim. Yəni savadımı gündən-günə artırmaq istəyirəm.

- Niyə məhz bu sahəni seçdin?

- Çünki prespektivli sahədir. Həm də riyaziyyatı və məntiqi yaxşı bilirdim.

- Magistratura oxumaq fikrin varmı?

- Xaricdə oxumaq istəyirəm. Xaricdə oxumaq üçün də universitetdə qazanılan uğurlar vacibdir. Çünki xarici ölkələrdə sertifikatlara önəm verirlər.
Xaricdə bu sahə üzrə daha çox uğurlar əldə etmək mümkündür. Mən də bu haqda fikirləşirəm. Amma Azərbaycanda uğurlar əldə edib sonra xaricə getmək lazımdır.



Sevinc YASİNQIZI
AzNews.az