ATV DİN-i əslində, niyə “vurub” – İlginc faktlar (VİDEO)

8 Yanvar 2016 15:40 (UTC+04:00)

Kanalın hazırladığı material reallığı əks etdirsə də, toxunulan problemlər hamının ürəyindən xəbər versə də, illərdir bu məsələləri görməzdən gələn kanalın birdən-birə cəsarətlənməsi sual doğurub.

Belə bir məqamda kanalın Daxili İşlər Nazirliyini sərt tənqid etməsinin səbəbləri ilə bağlı AzNews.az-a maraqlı informasiya daxil olub. Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, TV-nin yol polisinə qarşı sərt davranmasının kökündə bir neçə gün əvvəl baş vermiş hadisə dayanır. Belə ki, ATV-nin icraçı direktoru Rauf Dadaşovun idarə etdiyi "Toyota Prado" markalı avtomobil (Nömrə nişanı - 10 UE 579) yanvarın 5-dən 6-a keçən gecə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Avtomobilin saxlanılmasına səbəb qadağan olunmuş "ksenon" işıqlarından istifadə edilməsi olub.

Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsiylə protokol tərtib olunub.

Bundan qəzəblənən TV rəhbərliyi Daxili İşlər Nazirliyinin qanunsuzluqlarını nümayiş etdirən süjet hazırlayıb.

Məlumat üçün bildirək ki, Rauf Dadaşov Vüqar Qaradağlının həm də qaynıdır.

ATV-də yol polisinin tənqid olunduğu həmin videomaterialı təqdim edirik: