Adil Əliyev Azərbaycan Çempionatı keçirir

9 Yanvar 2016 18:13 (UTC+04:00)

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, çempionatın keçirilməsində məqsəd 2016-ci ildə Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnirlərində iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir.

Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev belə yarışların hər il keçirildiyini söyləyib:

"Məqsəd bu cür tədbirlərlə gənclər arasında idmanın inkişafına dəstək olmaq və idmanın kütləviliyini təmin etmək, xüsusilə, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya yox demək və gəncləri pis vərdişlərdən uzaq tutmaqdır. Bu gün gənclər arasında kikboksinqə böyük maraq yaranıb. Federasiyasımız ölkənin idman həyatında fəal rol oynayır", - deyə millət vəkili qeyd edib.

İdmançılar fevralın 14-də, saat 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında toplaşacaqlar (Ünvan: Tofiq Bəhrəmov adına Respublika stadionun yanı).

Yarış fevralın 15-də, saat 10:00-da baş tutacaq. Kadetlər arasında birincilik fevralın 16-17-də gerçəkləşəcək. Çempionat Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında, Bakı, Səbail, Neftçilər, 26a) baş tutacaq.