Valideynlərini və daha iki nəfəri öldürən şəxs tutuldu - Rusiyada

10 Yanvar 2016 13:19 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Vladivostok şəhərində 31 yaşlı kişi valideynlərini, birgə yaşadığı qadını və onun oğlunu qətlə yetirməkdə ittiham olunur.

İstintaqın versiyasına görə, adı açıqlanmayan şəxs yanvarın 7-də əvvəlcə birgə yaşadığı 38 yaşlı qadını və onun 8 yaşlı oğlunu, sonra isə öz valideynlərini - 1947-ci il təvəllüdlü atasını və 1949-cu il təvəllüdlü anasını öldürüb.

Onların meyitləri yanvarın 10-da aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 2015-ci il oktyabrın sonlarında da Vladivostokda səs-küylü qətl hadisəsi baş vermişdi. 11 yaşlı İrina Şevtsovanın itkin düşməsi ilə bağlı cinayət işi başlanmış, noyabrın 3-də 59 yaşlı Vladivostok sakini şübhəli şəxs qismində tutulmuşdu.

Tutulan şəxs uşağı öldürdüyünü etiraf etmiş, onu basdırdığı yeri göstərmişdi.