“İş adamları manatın ucuzlaşmasından istifadə edir” – Millət vəkili

11 Yanvar 2016 15:19 (UTC+04:00)

Bunu AzNews.az-a Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirib. O, bu məhsulların qiymətlərinin artması ilə böyük problemlər yarandığını qeyd edib: "Qiymətlər bizi narahat edir. Ölkədə süni qiymət artımı var və bunu heç kim inkar edə bilməz. İş adamları manatın devalvasiyasından istifadə edir".

Millət vəkili iş adamlarının "istehsal etdiyimiz məhsulların daxilində xarici komponentlər var, qiymət artımına səbəb də budur" fikri ilə qiymətləri şişirməsi məsələsinə də toxunub: "İş adamlarının dediklərində müəyyən həqiqətlər var. Əgər istehsal üçün komponent xarici ölkələrdən alınırsa, əlbəttə ki, o məhsullarda qiymət artmı olmalıdır. Amma bir var obyektiv, biri də var subyektiv qiymət artımı. Prezident İlham Əliyev də bundan danışır. Məhsulun maya dəyərində 15-20 faiz komponent istifadə olunursa, onun satış qiymətində artım buna bərabər olmalıdır. Lakin bu o demək deyil ki, qiyməti 50-70 faiz qaldırmaq olar. Bu, çox ciddi məsələdir və əhalinin sosial problemlərindən biridir".

V.Əhmədovun fikrincə, qanunu pozub süni qiymət artımı edən işbazlar cinayət məsuliyyətinə cəlb olunmalıdır: "İqtisadiyyat və Sənaye Nazirliyinin monitorinq qrupu var və onlar işləyirlər. Bununla kifayətlənmək olmaz, həm də digər orqanlar bu problemə müdaxilə etməlidir".

Qeyd edək ki, prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında manatın məzənnəsinin dəyişməsindən sonra bəzi işbazların qiymətləri süni şəkildə qaldırması məsələsinə toxunub. O, bildirib ki, süni bahalaşmaya son qoyulmalıdır və bununla bağlı çox ciddi cəza tədbirləri görülməlidir.

Bahar RÜSTƏMLİ
AzNews.az