“Universitet dekanları 2500 manat maaş alır” - Rektor

12 Yanvar 2016 15:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib. Rektor bildirib ki, müəllimlərin əmək haqqı 3 mərhələdə qaldırılıb: "Universitetin dekanlarının vəzifə maaşı 2000 manatdır. Dərs deməkdən isə təqribən 500 manat alırlar. Kafedra müdirinin vəzifə maaşı isə 1500 manatdır. Professorun vəzifəsinə görə aldığı maaş isə 1300 manatdır. Universitetdə pedoqoji heyətin orta aylıq əmək haqqı 961 manatdır".

Ədalət Muradov qeyd edib ki, əmək haqqının artırılması üçün universitetin xüsusi rezervi var: "Devalvasiyanı biz nəzərə almasaq, dollar ekvivalentində müəəlimlərin maaşı kifayət qədər yüksəkdir. Amma əmək haqqının artırılması üçün universitetin rezervi var. Bu rezerv də ondan ibarətdir ki, müəllimlərin dərs yükü artırılmalıdır. Dərs yükünün artırılması hesabına müəllimlərin sayı azadıla bilir. Onların say azaldığı zaman da əmək haqqları qaldırıla bilir".

Rektor onu da əlavə edib ki, universitetin müəllim və professor heyətinin 25 faizinin yaşı 69 və ondan yuxarıdır: "Hazırda universitetin ən yaşlı müəlliminin 88 yaşı var. Hazırda universitetdə 917 müəllim işləyir. Bu çox böyük bir rəqəmdir. Biz yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, həmçinin yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılmasını nəzərdə tuturuq. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər".

Sevinc YASİNQIZI