“Yanacaq ucuzlaşdırılsın” – İqtisadçıdan təklif

13 Yanvar 2016 11:35 (UTC+04:00)

Bu sözləri AzNews.az-a iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, hazırda hökumət devalvasiyanın qiymət artımına təsirini azaltmaq üçün əsas diqqəti iqtisadi alətlərin tətbiqinə yönəltməldir: "Bu tətbiqə vergi güzəştlərindən tutmuş, strateji məhsulların istehsalında istifadə olunan xammalın idxalına tətbiq edilən gömrük rüsumunun azaldılmasını və ya ləğvini və s. aid etmək olar. Hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər. Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər. Qeyd edim ki, bizimlə yaxın iqtisadiyyata Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ -95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Göründüyü kimi, Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Azərbaycandakı yanacağın qiymətini neft idxal edən ölkələrdəki qiymətlə müqayisə etmək isə qüsurludur. Həmin ölkələrdə qiymətin baha olması təbiidir. Axı, onlar Azərbaycan kimi neft hasil etmirlər".

Samir Əliyev qeyd edib ki, dünya bazarında neftin qiyməti xeyli aşağı olduğu üçün yanacağın qiyməti ucuzlaşa bilər: "Yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı. Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 2007-ci ilin yanvarın 6-da olmuşdu. Həmin vaxt "qara qızıl"ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik (əvvəl 55 qəpik), dizel yanacağı isə 60 qəpik (əvvəl 45 qəpik) olub. İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Amma qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Benzin və dizelin həm xammalı, həm də istehsalı 100 faiz olaraq Azərbaycan istehsalıdır. Əgər manat neftin ucuz olmasına görə ucuzlaşdırılırsa, bəs, onda niyə yanacaq baha saxlanılır? Olmaya SOCAR-ın aldığı və səmərəsiz xərclədiyi kreditləri əhalinin hesabına ödəmək istəyir? 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Amma Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar. Sahibkarlar süni qiymət artımında ittiham edilirsə, ilk olaraq SOCAR-dan başlamaq lazımdır".

Sevinc YASİNQIZI