Arif Hacılı “Bandotdel”ə çağırıldı - Təfərrüatlar (Yenilənib)

13 Yanvar 2016 16:21 (UTC+04:00)

Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə A.Hacılıya bildirilib ki, onlarda son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. İdarə rəisi S.Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.

Arif Hacılı isə deyib ki, Müsavat Partiyası hələ kütləvi aksiyalar barədə qərar verməyib.

Report.az


***
14:17

Müsavat başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. Müsavat Partiyasından verilən məlumata görə, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.

Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.

Bastainfo/com