FİFA-nın qalmaqallı baş katibi işdən qovuldu

13 Yanvar 2016 14:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib: "Sözügedən qərar yanvarın 9-da FİFA təcili komitəsinin iclasında qəbul edilib və dərhal qüvvəyə minib".

FİFA baş katibinin vəzifəsini icra edən şəxs qismində yenə də Markus Kattner qalıb.

Qeyd edək ki, J.Valke ötən ilin sentyabrında FİFA etika komitəsi tərəfindən 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb. FİFA etika komitəsinin arbitraj palatası yanvarın 5-də Valkenin uzaqlaşdırılmasını daha 45 gün müddətinə uzadıb. Bir gün sonra isə komitənin istintaq palatasından verilən məlumatlar əsasında arbitraj palatası Valke barəsində cinayət işi başladıb. Valke FİFA etika kodeksinin 7 maddəsini pozmaqda günahlandırılır. Onun barəsində yekun qərarı məhz arbitraj palatası verəcək.

Xatırladaq ki, Valke keçmiş FİFA prezidenti Yozef Blatter və Avropa futbol assosiasiyalarının ittifaqının rəhbəri Mişel Platini ilə birlikdə 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Dekabrın 21-də Blatter və Platini barədə komitə futboldan 8 il uzaqlaşma qərarı qəbul edib. KİV-lərin verdiyi məlumatlara əsasən, Valke CAR-ın 2010-cu il dünya çempionatına ev sahibliyi etmək hüququ əldə etməsilə bağlı rüşvət işində iştirakçı olub. Həmçinin Valke 2014-cü il Dünya Çempionatı oyunlarına bilet satışından sonra 2 milyon evro qazanmaqda şübhəli bilinir.

Aydan AXUNDOVA