“Bu gün rinqdəyəm, sabah səngərdə...” - Kikboksçu

13 Yanvar 2016 16:58 (UTC+04:00)

Bu sözləri AzNews.az-a peşəkar kikboksçu Xəyal Əhmədov söyləyib.

Onun sözlərinə görə, idmanın inkişafı üçün hər bir şərait yaradılıb: "Ölkəmizdə idmanın inkişafı üçün hər tərəfli imkan və şəraitlər yaradılıb. Gənclərimizin idmana cəlb olunması və onlarda bu sahəyə marağın yaradılması üçün dövlət tərəfindən həyata keçirilən proqramlar gələcək nəsillərin sağlam yetişməsinə böyük təsir göstərəcək. Uğurlu beynəlxalq idman layihələri buna xidmət edir. Azərbaycan Kikboksinq Federasiyası bir sıra beynəlxalq idman yarışları təşkil etməklə, ölkənin idman siyasətində fəal olduğunu göstərir. Federasiyamızın rəhbəri, millət vəkili Adil Əliyev idmançılarımızın beynəlxalq yarışlarda çıxış etməsi üçün öz dəstəyini əsirgəmir və bu fəaliyyət federasiyamızın əsas xəttini təşkil edir".

X.Əhmədov hesab edir ki, 20 faiz torpağı işğal olunmuş bir dövlətin gəncləri fiziki və ruhi baxımdan tam sağlam olmalıdır: "Bu gün ölkəmizə sağlam ruhlu gənclər lazımdır. Bu günün idmançıları sabahın əsgər və zabitləridir. Torpaqlarımız işğal altındadır və bizi qarşıda torpaqlarımızın azadlığı gözləyir. Bir kikboksçu olaraq, ali baş komandanın əsgəriyəm. Bununla fəxr edirəm. Nə vaxt lazım olsa torpaqlarımızın azad olunması üçün bu gün rinqdə göyüşdüyüm kimi, sabah səngərdə silahla döyüşəcəm".