Məktəbli qızın intihar səbəbi - Məktəb direktorundan açıqlama

13 Yanvar 2016 21:35 (UTC+04:00)

"Aytac intihar etməmişdən əvvəl 1 həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı".

AzNews.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.

Aytacın məktəbin tərbiyəli, savadlı şagirdlərindən olduğunu deyən S.Zeynalova bildirib ki, şagirdin məktəbdə heç bir problemi olmayıb: "Ən yaxşı şagirdlərimizdən biri olub. Dərslərində də problemi olmayıb. Məktəbdə yoldaşları ilə də münasibətləri yaxşı olub. Müəllimələrinin də Aytacın dərslərinə hazırlığından şikayəti olmayıb. Psixi problemlərinin olduğunu bilirdik. Bir həftə idi ki, dərsə gəlmirdi. Xəstəliyi ilə bağlı müalicə alırdı. Bu barədə məlumatlı idik. Bu xəbər məni çox üzdü".

Hacallı bələdiyyəsinin sədri Akif Əhmədov da musavat.com-a açıqlamasında intiharın səbəbinin məktəblinin psixi problemi ilə bağlı olduğunu bildirdi: "Aytacın psixi problemi var idi. Onun atası və əmisi də ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Aytac ruhi əsəb dispanserində də qeydiyyatda idi. Həkim müalicə üçün evlərinə də gəlirdi".

A.Əhmədovun sözlərinə görə, Surxaylı ailəsinin maddi vəziyyəti həddindən artıq çətindir: "Ailənin vəziyyəti çox çətindir. Maddi sıxıntıları böyükdür. Atası da xəstədir. Ailədə Aytacdan başqa 2 uşaq da var. Aytac çox tərbiyyəli, sakit və savadlı qız idi. Təəssüflər olsun ki, bu cür xəstəlikdən əziyyət çəkirdi. Bir neçə dəfə evdən qaçmışdı".

Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.